Tayvan 1 200-dən çox “Sea Sword II” raketi istehsal etməyi planlaşdırır

2026/06/tavas-1781021715.jpg
Oxunub: 206     20:18     09 İyun 2026    
Tayvan administrasiyası donanmasının döyüş imkanlarını artırmaq və suüstü gəmilərdə silahların standartlaşdırılmasını təmin etmək məqsədilə 1 200-dən çox “Hai Chien II” (Sea Sword II) hava hücumundan müdafiə raketi istehsal etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, raket sistemi bu yaxınlarda Tayvanın cənub sahillərində keçirilən döyüş atışı sınağını uğurla başa vurub.

Məlumata görə, sınaq zamanı imitasiya edilmiş pilotsuz uçuş aparatı hədəfi uğurla məhv edilib.

Yerli mənbələr bildirirlər ki, sistem silahlanmaya qəbul edildikdən sonra Tayvan administrasiyasının Hərbi Dəniz Qüvvələrinin əsas orta mənzilli hava hücumundan müdafiə vasitəsinə çevriləcək və köhnə sistemləri əvəz edəcək.

Hazırda xidmətdə olan və ya hazırlanmaqda olan platformaların təchiz edilməsi üçün ən azı 688 raketə ehtiyac olduğu qeyd edilir. Əlavə ehtiyatlarla birlikdə ümumi tələbatın 1 200-1 376 raket arasında olacağı qiymətləndirilir.

“Sea Sword II” şaquli buraxılış sistemi ilə işləyir və gəmilərə 360 dərəcə hava hücumundan müdafiə imkanı verir.

Təxminən 183 kiloqram ağırlığında olan raketin mənzili 50 kilometrdir. Raket Mach 4 sürətinə çataraq saatda təxminən 6 174 kilometr sürətlə hədəflərə nişanalma həyata keçirə bilir.

Məlumata görə, “Kang Ding” sinfinə məxsus freqatların hər biri 32 “Sea Sword II” raketi daşıyacaq. “Tuo Chiang” sinfinə məxsus korvetlər və “Yushan” sinfinə məxsus amfibiya desant gəmiləri də yeni raket sistemi ilə təchiz ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Sea-Sword-II  


Bizi "telegram"da izləyin