Yaponiya yeddi “Asagiri” sinfinə məxsus esminesi İndoneziyaya verə bilər

2026/06/1781021654.jpg
Oxunub: 242     20:14     09 İyun 2026    
Yaponiya və İndoneziya Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin inventarında olan “Asagiri” sinfinə məxsus esmineslərin İndoneziya Hərbi Dəniz Qüvvələrinə verilməsi ilə bağlı rəsmi danışıqlara başlayıb.

Ordu.az xəbər verir ki, Tokio şəhərində keçirilən görüş zamanı Yaponiyanın müdafiə naziri Şinciro Koizumi və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin mümkün transfer prosesinin texniki səviyyədə qiymətləndirilməsi barədə razılığa gəliblər.

Məlumata görə, tərəflər yalnız gəmilərin verilməsini deyil, həmçinin təlim, texniki xidmət, logistika dəstəyi və əməliyyat inteqrasiyasını əhatə edən geniş proqram üzərində işləyəcəklər.

Bildirilib ki, Yaponiya istismardan çıxarmağa hazırlaşdığı yeddi “Asagiri” sinfinə məxsus esminesi İndoneziyaya verməyi planlaşdırır.

1988-1991-ci illərdə xidmətə qəbul edilən bu sinfə məxsus gəmilər əsasən sualtı qayıqlara qarşı mübarizə üçün nəzərdə tutulmuş ümumi təyinatlı esmineslərdir. Təxminən 4 min 900 ton tam yüklü subasımı qbailiyyətinə malik platformalar 137 metr uzunluğa və 30 düyün maksimal sürətə malikdir.

Gəmilər RGM-84 “Harpoon” gəmi əleyhinə raketləri, RIM-7 “Sea Sparrow” hava hücumundan müdafiə raketləri, ASROC sualtı qayıqlara qarşı müdafiə sistemi, Mk 46 yüngül torpedaları, OQS-4A sonar sistemi və yedəkli sonar kompleksi ilə təchiz olunub. Hər platformada bir SH-60J/K helikopterinin yerləşdirilməsi üçün hangar və uçuş göyərtəsi də mövcuddur.

Ekspertlər hesab edirlər ki, bu esmineslərin İndoneziya donanmasına daxil edilməsi ölkənin sualtı qayıqlara qarşı mübarizə və müşayiət əməliyyatları imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Bununla yanaşı, 35-38 illik xidmət müddətinə malik gəmilərin istismara qəbul edilməzdən əvvəl genişmiqyaslı modernləşdirmə və texniki xidmət prosesindən keçirilməsi tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Asagiri   Esmines  


Bizi "telegram"da izləyin