AIROBOS-un avtonom PUA sığınacağı anomaliyaları dərhal aşkar edir - VİDEO

2026/06/Ekran-1781021607.jpg
Oxunub: 239     20:11     09 İyun 2026    
2015-ci ildə yaradılan “AIROBOS Texnologiya A.Ş.” insansız sistemlər və robot texnologiyaları sahəsində hazırladığı innovativ həllərlə fəaliyyətini davam etdirir. Şirkətin hazırladığı avtonom Pilotsuz Uçuş Aparatı (PUA) sığınacağı operator olmadan işləməsi və süni zəka dəstəyi ilə anomaliyaları müəyyən etməsi ilə seçilir.

Ordu.az xəbər verir ki, bu barədə AIROBOS-un həmtəsisçisi Ahmet Kolcu “Defensehere” portalına açıqlamasında danışıb.

Kolcu bildirib ki, şirkət insansız hava, quru və dəniz platformaları istiqamətində fəaliyyət göstərir. Onun sözlərinə görə, “PUA Sığınacağı” adlandırılan layihə 2021-ci ildən hazırlanır və hazırda aktiv şəkildə istifadə olunur.

Ahmet Kolcu qeyd edib ki, sistem tamamilə insandan asılı olmadan işləyə bilir. O vurğulayıb ki, layihənin əsas üstünlükləri operatorsuz fəaliyyət, uzaq məsafədən idarəetmə və əldə olunan görüntülərin süni zəka vasitəsilə təhlil edilməsidir.

“Sistem 200, 500 və hətta 1000 kilometr məsafədən idarə oluna bilir. Süni zəka əsaslı görüntü emalı alqoritmləri sayəsində insan, heyvan və nəqliyyat vasitələrinin aşkarlanması ilə yanaşı, əvvəlki uçuşlarla müqayisə aparılaraq anomaliyalar da müəyyən edilir”, - deyə o qeyd edib.

Kolcu bildirib ki, sistemdə üç ehtiyat batareya mövcuddur və onların dəyişdirilməsi tam avtomatik həyata keçirilir. Bu xüsusiyyət AIROBOS-un məhsulunu rəqiblərindən fərqləndirən əsas üstünlüklərdən biri hesab olunur.

O qeyd edib ki, PUA təxminən üç dəqiqə ərzində batareyasını dəyişərək yeni tapşırığa başlaya bilir. Hazırda sistem sərhəd təhlükəsizliyi və müxtəlif kritik obyektlərin mühafizəsində istifadə olunmağa hazır vəziyyətə gətirilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AIROBOS   PUA  


Bizi "telegram"da izləyin