UÇAR ARMS MP5 üçün ilk düz daraq modelini müasir texnologiyalarla yenidən hazırlayıb - VİDEO

2026/06/Ekran-1781020756.jpg
Oxunub: 261     19:57     09 İyun 2026    
Silah daraqları istehsal edən UÇAR ARMS şirkəti MP5 platforması üçün hazırladığı yeni nəsil həllərlə diqqət çəkir.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin maşın mühəndisi Esat Uçar “Defensehere.com” portalına açıqlamasında danışıb.

Uçar bildirib ki, dünyanın ən geniş yayılmış tapança-pulemyotlarından biri olan MP5 üçün ilk dövrlərdə istifadə edilən düz daraq konstruksiyası müasir materiallar və istehsal texnologiyaları əsasında yenidən hazırlanıb.

Onun sözlərinə görə, “Heckler & Koch” MP5-i ilk hazırladığı zaman tam düz daraqdan istifadə edib. Lakin həmin dövrdə yay texnologiyalarının yetərincə inkişaf etməməsi səbəbindən sursatın qidalanması zamanı problemlər yaranıb və nəticədə əyri daraq konstruksiyasına keçilib.

“Müasir dövrdə yay texnologiyaları və istehsal imkanları əhəmiyyətli dərəcədə inkişaf etdiyindən şirkətin mühəndisləri düz daraq konsepsiyasını yenidən həyata keçirə biliblər.

Daha keyfiyyətli və güclü yaylardan istifadə etməklə keçmişdə rast gəlinən problemlər aradan qaldırılıb. Hazırda şirkət həm düz, həm də əyri daraqları müxtəlif tutum variantlarında istehsal edir”, - deyə Esat Uçar vurğulayıb.

Uçar bildirib ki, yeni məhsullarda kilidləmə nöqtələri və daraq ağzının həndəsi quruluşu yenidən optimallaşdırılıb. Ənənəvi qaynaq üsullarının əvəzinə isə lazer qaynaq texnologiyasından istifadə olunur.

Onun sözlərinə görə, lazer qaynağının əsas üstünlüklərindən biri deformasiya və açılmaların qarşısını almasıdır.

Məlumata görə, UÇAR ARMS MP5 platforması üçün 10, 15, 20, 30 və 40 patron tutumlu müxtəlif daraq variantları təklif edir. Şirkət eyni zamanda müxtəlif ölkələrin qanunvericiliyinə uyğun kompakt modellər üzərində də işləyir.

Şirkət “Glock” platformaları üçün hazırladığı hibrid daraqlarda isə plastik korpus daxilində polad konstruksiyadan istifadə etməklə dayanıqlılığı artırmağı hədəfləyir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UÇAR-ARMS   MP5  


Bizi "telegram"da izləyin