TURAÇ rəhbəri: “130 metrdən sadəcə zərbə endirmirik, məhv edirik”
Oxunub: 280
19:50
09 İyun 2026
TURAÇ şirkətinin baş direktoru Fatih Altunbaş yeni nəsil volfram başlıqlı patronların 130 metr məsafədən Pilotsuz Uçuş Aparatlarını (PUA) məhv etmək qabiliyyətinə malik olduğunu bildirib.
Ordu.az xəbər verir ki, bu barədə o, İstanbulda keçirilən 13-cü Beynəlxalq “İstanbul Prohunt” Ovçuluq, Silah və Təbiət İdmanları Sərgisində “Defensehere.com” portalına müsahibəsində danışıb.
Fatih Altunbaş qeyd edib ki, sərgi uzun illərdir təşkil olunur və iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Onun sözlərinə görə, xüsusilə Balkan ölkələri, Şərqi Avropa, Afrika, Yaxın Şərq, eləcə də keçmiş türk respublikaları və postsovet məkanından gələn nümayəndələr tədbirə böyük maraq göstərirlər.
Baş direktor vurğulayıb ki, İstanbul bir çox ölkələrdən gələn iş adamları üçün vizasız səfər imkanları təqdim etdiyindən beynəlxalq əməkdaşlıq baxımından mühüm üstünlüyə malikdir.
Altunbaş bildirib ki, sərgidə ovçuluq və atıcılıq sahəsində şirkətin bütün məhsul çeşidi nümayiş etdirilir. O qeyd edib ki, yeni məhsullar arasında 36 çaplı polimer gilizli patron və Türkiyədə nadir istehsal olunan mini “slug” patronları da yer alır.
“Mini “slug” patronlarının uzunluğu standart 70 millimetrlik patronlarla müqayisədə 50 millimetr təşkil edir. Bu isə silahın daraq tutumunu artırmağa imkan verir”, - deyə o qeyd edib.
Fatih Altunbaş sərginin ən çox diqqət çəkən məhsullarından birinin antdron patronları olduğunu bildirib. O qeyd edib ki, bu patronlar müxtəlif versiyalarda istehsal olunur və ən yeni model volfram uclu sursatdır.
Baş direktorun sözlərinə görə, daha əvvəl 70, 90 və 110 metr məsafələrdə effektiv nəticə əldə edən şirkət yeni volfram texnologiyası sayəsində bu göstəricini 130 metrə çatdırıb.
“Biz artıq 130 metrdən sadəcə zərbə endirmirik, həmin məsafədən PUA-nı sıradan çıxarır və ya tamamilə məhv edirik”, - deyə Altunbaş vurğulayıb.
O bildirib ki, volfram elementləri PUA-nın enerji bloklarını, əsas korpusunu və elektron komponentlərini dağıdaraq onun fəaliyyətini tamamilə dayandırır. Bu texnologiya hətta qanadlı PUA-ların havada məhv edilməsinə imkan verir.
Fatih Altunbaş qeyd edib ki, bu məsafədən PUA məhv etmə qabiliyyətinə malik şirkətlərin sayı dünyada çox azdır və TURAÇ həmin şirkətlər sırasında yer alır.