ASELSAN qlobal müdafiə bazarında mövqeyini gücləndirir

2026/06/1781020200.jpg
Oxunub: 245     19:46     09 İyun 2026    
ASELSAN qlobal müdafiə bazarındakı mövqeyini gücləndirməyi hədəfləyir. Şirkət hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə və antdron sistemlərinə tələbatın uzunmüddətli perspektivdə yüksək səviyyədə qalacağını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol “Defence Industry Europe” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ASELSAN beynəlxalq bazarlardakı fəaliyyətini sürətlə genişləndirir və regional təhlükəsizlik arxitekturasının əsas elementlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub.

Ahmet Akyol bildirib ki, ASELSAN 2025-ci il dekabrın ayında şirkət tarixinin ən böyük ixrac müqavilələrindən birini imzalayaraq Polşa Silahlı Qüvvələrinə radioelektron mübarizə sistemlərinin təchizatı üçün 410 milyon dollar dəyərində saziş bağlayıb. O qeyd edib ki, bu müqavilə şirkətin Avropa İttifaqı və NATO bazarlarında inkişaf strategiyasının mühüm mərhələsidir.

“Şirkətin strategiyası qlobal müdafiə bazarının aparıcı iştirakçılarından birinə və regional təhlükəsizlik arxitekturasının əsas dayaqlarından birinə çevrilməkdir. Hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə həlləri və digər müdafiə texnologiyalarına tələbat uzun illər ərzində yüksək olaraq qalacaq”, - deyə o qeyd edib.

Akyol bildirib ki, 50 ildən artıq müdafiə sənayesi təcrübəsinə malik ASELSAN 2025-ci ildə 4,5 milyard dollar gəlir əldə edib. Şirkətin əsas müştərisi Türkiyə Silahlı Qüvvələri olaraq qalır, eyni zamanda ixrac gəlirlərinin ümumi dövriyyədəki payı da sürətlə artır.

Məlumata görə, ASELSAN 2025-ci il ərzində 58 ölkə ilə ümumi dəyəri 2 milyard dolları ötən 272 ixrac müqaviləsi imzalayıb. Bu göstərici 2024-cü ildə qeydə alınmış təxminən 1 milyard dollarlıq ixrac müqavilələri həcmini iki dəfədən çox üstələyir.

Şirkətin mühəndis potensialına toxunan Akyol qeyd edib ki, ASELSAN-da çalışan 14 mindən çox əməkdaşın 10 mindən çoxu mühəndisdir. Bu isə şirkətə çevik fəaliyyət göstərmək və müasir döyüş meydanının sürətlə dəyişən tələblərinə qısa müddətdə uyğunlaşmaq imkanı yaradır.

“Son üç ildə şirkətə 5 min 500-dən çox yeni əməkdaş cəlb olunub”, - deyə o bildirib.

Türkiyədə altı istehsal müəssisəsi və 11 elmi-tədqiqat mərkəzinə malik olan ASELSAN illik dövriyyəsinin təxminən 7 faizini elmi-tədqiqat və inkişaf fəaliyyətlərinə yönəldir.

Şirkətin Polşa, Rumıniya, Ukrayna və Macarıstan da daxil olmaqla 25 ölkədə ofisləri və əməliyyat fəaliyyəti mövcuddur.

ASELSAN Türkiyənin çox təbəqəli hava və raketdən müdafiə arxitekturasının formalaşdırılmasını nəzərdə tutan “Polad Günbəz” layihəsində də əsas rol oynayır. Şirkət hava hücumundan müdafiə sistemləri, radarlar, radioelektron mübarizə həlləri və qabaqcıl elektron texnologiyalara artan tələbatı qarşılamaq üçün “Oğulbey Texnologiya Bazası” layihəsini həyata keçirir.

Təxminən 1,5 milyard dollar sərmayə ilə yaradılan obyektin 6,5 milyon kvadratmetr ərazidə inşa olunacağı və 735 min kvadratmetrdən çox qapalı sahəyə malik olacağı planlaşdırılır.

Ahmet Akyol bildirib ki, son iki ildə şirkətin istehsal gücü 40 faiz artırılıb. Bununla yanaşı, istehsal infrastrukturu, laboratoriyalar, layihələndirmə ofisləri və istehsal xətlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda həyata keçirilən investisiyaların ümumi dəyəri 2,7 milyard dolları ötür.

ASELSAN 2026-cı il iyunun 15-də Fransanın paytaxtı Parisdə başlayacaq “Eurosatory 2026” sərgisində geniş məhsul portfelini nümayiş etdirəcək. Şirkətin sərgidə əsas diqqəti antdron sistemləri, radar həlləri, radioelektron mübarizə sistemləri, idarəolunan sursatlar və qabaqcıl elektron texnologiyalar üzərində cəmləşdirəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin