ABŞ-nin insansız dəniz platforması ilk dəfə “Apache” helikopterinin heyətini xilas edib

2026/05/1779348006.jpg
Oxunub: 250     19:28     09 İyun 2026    
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman sahilləri yaxınlığında qəzaya uğramış AH-64 “Apache” helikopterinin iki ekipaj üzvünün uğurla xilas edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, hadisə iyunun 8-də baş verib.

CENTCOM-un məlumatına görə, helikopter regional sularda patrul uçuşu həyata keçirərkən Oman sahilləri yaxınlığında dənizə düşüb.

“ABŞ ordusuna məxsus AH-64 “Apache” helikopterinin iki ekipaj üzvü təxminən iki saat ərzində xilas edilib. Onların vəziyyəti stabildir. Hadisənin səbəbləri araşdırılır”, - deyə məlumatda bildirilir.

Xilasetmə əməliyyatı ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 82-ci Hava-Desant Diviziyası tərəfindən həyata keçirilib. Əməliyyata ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin bölmələri, o cümlədən 5-ci Donanmanın 59-cu taktiki qrupu dəstək verib.

Daha sonra CENTCOM əməliyyatın diqqətçəkən detalını açıqlayıb. Bildirilib ki, ekipaj üzvləri su üzərində fəaliyyət göstərən insansız dəniz platforması (USV) vasitəsilə aşkar edilərək təxliyə olunublar.

CENTCOM-un rəsmi nümayəndəsi kapitan Tim Hokinsin sözlərinə görə, bu, ABŞ Silahlı Qüvvələrinin tarixində insan xilasetmə məqsədilə pilotsuz dəniz aparatının ilk döyüş tətbiqi olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ  


Bizi "telegram"da izləyin