“TRIPP milyardlıq layihədir və ardınca yeni milyardlarla investisiya gətirəcək” - Paşinyan

2026/06/1781008572.jpg
Oxunub: 238     16:36     09 İyun 2026    
“Ermənistanla ABŞ arasında imzalanmış TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə sazişin ratifikasiya proseduru mümkün qədər tez təmin edilməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 9-da keçirilən müşavirədə bildirib.

Müşavirə zamanı Axurik-Gümrü dəmir yolu hissəsinin bərpası və layihələndirilməsi üzrə elan edilmiş tender, su anbarları layihələri, Yerask hissəsində dəmir yolu stansiyasının təmiri, Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi, yaxın vaxtlarda başlanacaq Qacaran tunelinin inşası və bundan sonra Fransalı tərəfdaşlarla əldə olunmuş razılaşma əsasında Barguşat tunelinin tikintisi məsələləri də müzakirə olunub.

Paşinyan ölkənin maliyyə imkanları ilə bağlı hər hansı narahatlığının olmadığını bildirib.

“Mənim maliyyə imkanlarımızla bağlı heç bir narahatlığım yoxdur. Çünki yaxın gələcəkdə Ermənistanda açıq şəkildə və şübhəsiz ki, böyük investisiya fəallığı olacaq. TRIPP layihəsi milyardlıq layihədir və öz ardınca yeni milyardlarla investisiyanın axınını gətirəcək. Biz bu məsələdə daha inamlı olmalıyıq.

Üstəlik, əvvəlki təcrübəmiz nəyi göstərdi? Pul əsas məsələ deyil, əsas olan məzmundur. Biz nə etdiyimizi və bunu niyə etdiyimizi biləndə, yəni bizə lazım olan məzmun müəyyənləşdiriləndə, maliyyə məsələsi hər zaman həll edilə bilən məsələ olur”, - deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TRIPP   Paşinyan  


Bizi "telegram"da izləyin