Ermənistanda əsgərlərin səsverməsindəki pozuntuları qeydə alan jurnalist dərhal hərbi toplanışa çağırılıb

2026/06/1781008342.jpg
Oxunub: 208     16:30     09 İyun 2026    
Seçkiqabağı kampaniya dövründə və səsvermə günü hakim qüvvənin çoxsaylı pozuntularını işıqlandıran “News.am” nəşrinin jurnalisti Narek Xaçatryan seçkilərin ertəsi günü hərbi təlim toplanışına çağırış vərəqəsi alıb.

Ordu.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.

Məlumata görə, jurnalist seçki kampaniyası boyunca “Vətəndaş Müqaviləsi” Partiyasının fəaliyyətini fəal şəkildə işıqlandırıb və müxtəlif pozuntuları qeydə alıb.

“Son belə hadisə səsvermə günü Zodda baş verib. Xaçatryan seçki məntəqəsində səsvermənin başa çatmasına az qalmış yüzlərlə hərbi qulluqçunun toplaşmasını, həmçinin hərbçilərlə birlikdə məntəqəyə daxil olan və onların yanından ayrılmayan mülki geyimli şəxsləri lentə alıb.

Jurnalistin həmin şəxslərin kimliyi və niyə məntəqədən çıxarılmadıqları ilə bağlı suallarına komissiya sədri onları tanımadığını bildirib. Halbuki jurnalistin çəkdiyi kadrlarda komissiya sədrinin həmin şəxslərdən biri ilə qucaqlaşıb salamlaşdığı əks olunub”, - deyə nəşr bildirib.

“News.am” qeyd edir ki, bu videonun yayılmasından qısa müddət sonra Ermənistan Müdafiə Nazirliyindən redaksiyaya zəng edilərək Zod seçki məntəqəsindən bir zabitin şikayət etdiyi bildirilib.

“Həmin zabit jurnalistin guya komissiya sədrinin işinə mane olduğunu iddia edib. Maraqlı məqamlardan biri də odur ki, Müdafiə Nazirliyinin sözçüsü seçki günü hakim partiyanın qərargahı yaxınlığında çalışan başqa bir “News.am”ın jurnalistinə yaxınlaşaraq hərbçilərin səsverməsi barədə videonun müəllifinin kim olduğunu soruşub.

Bundan cəmi bir neçə saat sonra Narek Xaçatryana zəng edilərək hərbi komissarlığa gəlməsi tələb olunub. O, komissarlığa getdikdən sonra qarşıdakı 25 günlük hərbi təlim toplanışında iştirak etməsi barədə çağırış vərəqəsi alıb. Xaçatryan seçki kampaniyası zamanı hakim partiyanın təhsil müəssisələrini qanunsuz şəkildə kampaniyaya cəlb etməsini üzə çıxaran ilk jurnalist olub.

Onun çəkdiyi görüntülərdə Araqatsotn vilayətinin bir neçə məktəbində dərslərin dayandırıldığı, müəllim və şagirdlərin təşkilatlanmış şəkildə hakim partiyanın seçki tədbirinə aparıldığı görünürdü”, - deyə nəşr bildirib.

“News.am”ın qeyd etdiyinə görə, məhz həmin materiallardan sonra hakimiyyət dörd məktəb direktorunun istefa ərizəsi yazdığını açıqlamışdı ki, bu da jurnalistin təqdim etdiyi faktların ciddi olduğunu göstərirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsgər   Təlim  


Bizi "telegram"da izləyin