Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
“İcraedici orqanın üzvləri ilə qarşıdakı proqramları və addımları müzakirə etdik”, - deyə Paşinyan keçirilən müşavirənin videosunu paylaşaraq bildirib.
O, komanda yoldaşlarını təbrik edib və qeyd edib ki, Ermənistanda siyasi proseslər tamamilə dəyişib.
“Bu gün hakim qüvvə və hökumət azad və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır, müxalifətin əsas aləti isə seçkilərin nəticələrini saxtalaşdırmaq və müxtəlif saxtakarlıq mexanizmlərindən istifadə etməkdir.
Hüquq-mühafizə orqanlarımıza təşəkkür etmək istəyirəm. Xatırlamıram ki, biz seçki rüşvətinə qarşı bu miqyasda mübarizə aparmış olaq. Bu, ölkədə institusional islahatların effektivliyini göstərir”, - deyə o vurğulayıb.
Paşinyan bildirib ki, Ermənistanda bəzi cinayət növlərinə qarşı müəyyən dözümlülük mühiti formalaşıb.
“Bunlardan biri ailədaxili zorakılıq, digəri isə seçki rüşvətidir. Deyirlər ki, seçkilər bitdi, deməli seçki rüşvəti verənlər və alanlar öz işləri ilə məşğul ola bilərlər. Mən hesab edirəm ki, bu təcrübə kökündən dəyişdirilməlidir.
Bu seçkilər zamanı seçki rüşvəti verməkdə və ya almaqda yaxalanan hər bir şəxs növbəti seçkilərin nəticələrinin rəsmən yekunlaşdırıldığı günə qədər həbsdə qalmalıdır.
Əgər bunun üçün qanunvericilik dəyişiklikləri lazımdırsa, onlar dərhal edilməlidir. Amma mən düşünmürəm ki, dəyişikliklərə ehtiyac var. Mən açıq şəkildə tələb edirəm ki, seçki rüşvəti verməkdə və ya almaqda yaxalanan şəxslər ən azı növbəti seçkilərin rəsmi nəticələri açıqlanana qədər həbsdə olsunlar.
Bu, ölkənin təhlükəsizliyi məsələsidir. Sonradan isə mərhəmət səhnələri qurmağa ehtiyac yoxdur”, - deyə Paşinyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az