Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Mineralnaya küçəsi 32 ünvanında qeydə alınıb.
Açıq mənbələrdə yer alan məlumatlara əsasən, həmin ünvanda “Roskosmos”a məxsus “Arsenal” zavodunun istehsalat binası yerləşir.
“Fontanka” nəşrinin məlumatına görə, hadisə nəticəsində dörd nəfər həyatını itirib. Onlardan ikisinin yanmış binanın daxilində, digər ikisinin isə dağıntılar altından meyiti tapılıb. Daha iki nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. FHN isə iki yaralının olduğunu açıqlayıb.
Nəşrin yazdığına görə, kimyəvi reagentlərin saxlanıldığı anqar yanıb. Sahəsi 400 kvadratmetr olan yanğının söndürülməsi doqquz saat davam edib və prosesə xüsusi yanğınsöndürən qatar da cəlb olunub.
Partlayış dalğası müəssisənin ərazisini dəmir yolu xətlərindən ayıran kərpic divarın uçmasına səbəb olub. Qatı qara tüstü şəhərin müxtəlif hissələrindən görünürdü. Hadisə ilə əlaqədar vağzalda qatarların hərəkəti müvəqqəti dayandırılıb.
İstintaq Komitəsi tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. Bu maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hadisənin əsas versiyası kimi aseton buxarlarının alışması nəzərdən keçirilir.
“Arsenal” maşınqayırma zavodu Rusiya ordusu və kosmik sənaye üçün məhsullar istehsal edir. Burada peyklər, o cümlədən “Lotos” radioelektron kəşfiyyat aparatları, gəmi artilleriya və buraxılış qurğuları (AK-100, AK-130, AK-176MA və s.), eləcə də raket mühərrikləri istehsal olunur.
Zavod Rusiya dövlət hərbi sifarişlərini yerinə yetirən müəssisə kimi ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır.
Sevinc Əliyeva
Ordu.az