Ordu.az xəbər verir ki, bu barədə “Akkuyu Nükleer” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, reaktorun korpusuna istilik ayırıcı yığımların imitasiya variantları yerləşdirilib.
Məlumata görə, imitasiya yığımlarının quraşdırılması işə salma və sazlama prosesinə hazırlığın son mərhələlərindən biridir və reaktorun fiziki işə salınmasından əvvəl həyata keçirilir.
Bu əməliyyatlar nüvə yanacağından istifadə edilmədən avadanlıqların hazırlıq səviyyəsini yoxlamağa və texnoloji prosesləri sınaqdan keçirməyə imkan verir. Reaktora ümumilikdə 163 imitasiya yığımı yerləşdirilib.
Qeyd olunur ki, bu yığımlar gələcəkdə istifadə olunacaq yanacağın bütün parametrlərini tam şəkildə təkrarlasa da, onların tərkibində nüvə materialları yoxdur. İmitasiya yığımları “Rosatom”un yanacaq bölməsinə daxil olan müəssisələrdə istehsal edilib.
Bu mərhələnin başa çatmasından sonra mütəxəssislər reaktor qurğusunun soyuq və isti işə salma sınaqlarına, eləcə də enerji blokunun istismara hazırlanması üzrə növbəti mərhələyə keçəcəklər.
Sevinc Əliyeva
Ordu.az