Yunanıstan PUA və radioelektron mübarizə imkanlarına yönəlmiş təlim keçirəcək

2026/06/vcbcv-1780995364.jpg
Oxunub: 199     12:57     09 İyun 2026    
Yunanıstan yerli müdafiə sənayesi məhsullarının da iştirakı ilə “Troya Atı 2026” təlimini həyata keçirəcək.

Ordu.az “New Beast” nəşrinə istinadən xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələri son dövrlərdə tədarük etdiyi və ya istehsal etdiyi yeni texnoloji sistemlərin əməliyyat qiymətləndirilməsini real döyüş şəraitini imitasiya edən hədəflənmiş təlimlər vasitəsilə intensivləşdirmək qərarına gəlib.

Bu strategiyanın əsas diqqət mərkəzində insansız sistemlər və radioelektron mübarizə imkanları dayanır. Bu çərçivədə Yunanıstan Baş Qərargahı tərəfindən planlaşdırılan və orta miqyaslı faktiki taktiki təlim hesab olunan birgə “Troya Atı 2026” təlimi iyunun 8-dən 11-dək keçiriləcək.

Məlumata görə, təlim həm Ukrayna müharibəsində, həm də ABŞ və İsrailin İranla qarşıdurmasında öz əhəmiyyətini sübut etmiş radioelektron mübarizə əməliyyatlarının icrasına yönələcək. Yunanıstan Müdafiə Nazirliyi rabitə sistemlərinin sıradan çıxarılması, peyk naviqasiya sistemlərinin pozulması və elektromaqnit spektrinə nəzarət imkanlarının müasir döyüş meydanında həlledici üstünlük yaratdığını hesab edir.

Bu səbəbdən də əməliyyat hazırlığının qorunması üçün bu cür təlimlərin vacib olduğu vurğulanır. Təlim fəaliyyətləri əsasən Trakiya bölgəsində keçiriləcək, lakin Moreya yarımadası və İon dənizinin daha geniş ərazilərini də əhatə edəcək.

Alt ssenarilərin əməliyyat idarəetmə və koordinasiya mərkəzi funksiyasını yerinə yetirən “Andravida” Hərbi Hava Bazası isə təlimin əsas koordinasiya məntəqəsi olacaq. Təlimdə Yunanıstan müdafiə sənayesinin iştirakına xüsusi önəm verilir.

Silah sistemləri ilə qatılmaq üçün müraciət edən 25 qurum arasından Yunanıstan Müdafiə İnnovasiya Mərkəzi tərəfindən seçilmiş 11 şirkət təlimdə iştirak hüququ əldə edib. Seçim zamanı əsas meyar sistemlərin Baş Qərargah tərəfindən hazırlanmış mürəkkəb və real əməliyyat ssenarilərinə cavab verə biləcək texnoloji hazırlıq səviyyəsi olub.

Bu çərçivədə təlimdə yerli istehsal pilotsuz uçuş aparatları, “gəzən sursat” sistemləri, insansız dəniz platformaları və antidron həlləri istifadə olunacaq. Beləliklə, iştirakçı şirkətlər öz sistemlərini real döyüş şəraitini imitasiya edən mühitdə sınaqdan keçirmək, qiymətli təcrübə və məlumatlar toplamaq imkanı əldə edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   PUA   Təlim  


Bizi "telegram"da izləyin