“SYS Grup” Dəniz Təhlükəsizliyi Konfransında iştirak edib

2026/06/1780994912.jpg
Oxunub: 243     12:50     09 İyun 2026    
“CANiK”in tərkibində fəaliyyət göstərdiyi “Samsun Yurt Savunma” (SYS Grup) İstanbulda keçirilən Dəniz Təhlükəsizliyi Konfransında iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Məlumata görə, dəniz təhlükəsizliyinin gələcəyini formalaşdıran texnologiyaların, strategiyaların və əməliyyat yanaşmalarının müzakirə olunduğu beynəlxalq platformalardan biri olan Dəniz Təhlükəsizliyi Konfransı bu il “CANiK” və Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərinin iştirakı ilə təşkil olunub.

Konfrans hərbi qərarvericiləri, akademikləri və müdafiə sənayesi nümayəndələrini bir araya gətirərək dəniz təhlükəsizliyi sahəsində mövcud təhdidlər, ehtiyaclar və innovativ həllərlə bağlı geniş müzakirələrə ev sahibliyi edib.

Konfransda xüsusilə Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar fonunda dəyişən dəniz əməliyyat mühitində insansız sistemlərin yaratdığı asimmetrik təhdidlərə qarşı hazırlanmış yeni həllər diqqət mərkəzində olub.

Şirkət tədbirdə asimmetrik təhdidlərə qarşı xərc baxımından səmərəli hesab edilən 30x113 mm çaplı həlli ilə maraq doğurub. “CANiK” və qrup şirkətlərinin imkanlarının birləşdirilməsi nəticəsində hazırlanmış 30x113 mm çaplı sistem Pilotsuz Uçuş Aparatı (PUA) radarları, müasir sensorlar və süni zəka dəstəyi ilə işləyən hədəf izləmə sistemləri ilə inteqrasiya olunaraq təqdim edilib.

Həllin əsasını “CANiK” tərəfindən istehsal olunan, dünyanın ən aşağı geri təpməyə malik 30x113 mm çaplı top sistemlərindən biri hesab edilən VENOM LR ilə “SYS Grup” şirkətlərindən olan UNIROBOTICS tərəfindən hazırlanmış TRAKON 30 Uzaqdan İdarə Olunan Silah Sistemi təşkil edir.

Bu inteqrasiya olunmuş struktur sayəsində sistem “dəniz-hava”, “dəniz-dəniz”, “quru-hava” və “quru-dəniz” əməliyyat ssenarilərində müxtəlif təhdidlərə qarşı effektiv fəaliyyət göstərə bilir. Radarlar, elektro-optik sistemlər və aktiv hədəf izləmə vasitələri ilə tam uyğun işləyən həll PUA sürüləri və kamikadze tipli PUA-lara qarşı milyonlarla dollar dəyərində raket sistemləri ilə müqayisədə daha aşağı xərc tələb edən nişanalma imkanı yaradır.

“SYS Grup-CANiK”in Biznesin İnkişafı və Marketinq direktoru Gəncay Gəncər bildirib ki, döyüş meydanında və potensial təhdidlərdə baş verən dəyişikliklər müdafiə sistemlərinin yenidən qiymətləndirilməsini zəruri edir.

Onun sözlərinə görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərən Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi tərəfindən təşkil edilən konfranslar dəniz təhlükəsizliyi sahəsində mövcud təhdidlərin, ehtiyacların və həll yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.

“Geosiyasi baxımdan son dərəcə strateji mövqedə yerləşən Türkiyə bu gün dünyanın müxtəlif bölgələrində yaşanan böhran və təhlükəsizlik risklərinin təsirlərini yaxından hiss edən ölkələrin başında gəlir”, - deyə Gəncər bildirib.

O vurğulayıb ki, Türkiyənin dəniz təhlükəsizliyi sahəsində hazırladığı innovativ və effektiv həllər yalnız ölkənin deyil, dost və müttəfiq dövlətlərin təhlükəsizliyinə də mühüm töhfə verə bilər.

Gəncər qeyd edib ki, konfransda müzakirə olunan məsələlər dəniz təhlükəsizliyinin artıq yalnız dənizdə fəaliyyət göstərən platformaların qorunması ilə məhdudlaşmadığını açıq şəkildə göstərir.

Onun sözlərinə görə, limanlar, enerji terminalları, kritik infrastrukturlar və strateji obyektlər getdikcə daha çox insansız sistemlərin və asimmetrik təhdidlərin hədəfinə çevrilir.

“Son dövrlərdə baş verən hadisələr göstərir ki, dəniz təhlükəsizliyinə çox təbəqəli, inteqrasiya olunmuş və texnologiya yönümlü yanaşma tətbiq etmək artıq zərurətə çevrilib”, - deyə o əlavə edib.

Gəncər bildirib ki, 50 ildən artıq əməliyyat tarixçəsinə malik 30x113 mm çaplı topların döyüş şəraitində sübut olunmuş effektivliyi müasir sensorlar, qabaqcıl atəş idarəetmə sistemləri və mobil çox təbəqəli müdafiə konsepsiyası ilə birləşdirilərək son dərəcə təsirli həll yaradılıb.

O vurğulayıb ki, sahədən alınan rəylər, texnoloji inkişaflar və istifadəçi tələbləri əsasında sistemlər davamlı olaraq təkmilləşdirilir və yeni imkanlarla gücləndirilir.

Gəncər qeyd edib ki, hazırda 30x113 mm çaplı VENOM LR və TRAKON 30 həlli limanların, strateji obyektlərin, kritik infrastrukturların və yüksək dəyərə malik platformaların qorunmasında mühüm rol oynaya biləcək yetkinlik və imkan səviyyəsinə çatıb.

“Fərqli ölkələrdən olan istifadəçilərin bu konsepsiyaya göstərdiyi yüksək maraq hazırladığımız həllin əməliyyat dəyərini və real şəraitdəki effektivliyini açıq şəkildə nümayiş etdirir. Qarşıdakı dövrdə də üzərimizə düşən məsuliyyətin fərqində olaraq innovativ texnologiyalarımız və inteqrasiya olunmuş müdafiə həllərimiz vasitəsilə təhlükəsizliyin, sabitliyin və çəkindirmənin gücləndirilməsinə töhfə verməyə davam edəcəyik”, - deyə Gəncər vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SYS-Grup   CANiK   Türkiyə  


Bizi "telegram"da izləyin