Yunanıstan İsrail istehsalı HERON TP PUA-larının alınması prosesinə başlayıb

2026/06/1780994625.jpg
Oxunub: 222     12:43     09 İyun 2026    
Yunanıstan Hərbi Hava Qüvvələrinin ilk silahlı insansız uçuş aparatı imkanını əldə etməsinə şərait yarada biləcək mühüm tədarük proqramını gündəmə gətirib.

Ordu.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, İsrail istehsalı HERON TP (Eitan) zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü ilə bağlı məsələ bu həftə Yunanıstan parlamentinin aidiyyəti komissiyasında müzakirə olunacaq.

Proqram təsdiqlənəcəyi təqdirdə Yunanıstan Hərbi Hava Qüvvələri yalnız kəşfiyyat və müşahidə missiyaları ilə kifayətlənməyəcək, həm də silahlı insansız sistemlər vasitəsilə birbaşa zərbə imkanına sahib olacaq.

“Hellas Journal” nəşrinin məlumatına görə, Yunanıstan Silahlı Qüvvələri təxminən dörd ildir ki, HERON PUA-larından kəşfiyyat, müşahidə, hədəf aşkarlanması, mülki müdafiə və əməliyyat nəzarəti məqsədilə istifadə edir.

Yeni proqram bu imkanları daha yüksək səviyyəyə qaldıraraq silahlı HERON TP platformalarının silahlanmaya qəbul edilməsini nəzərdə tutur. Yunanıstan mətbuatının yazdığına görə, layihə ölkənin üzərində işlədiyi yeni hava hücumundan müdafiə sistemi konsepsiyalarından belə daha prioritet proqramlardan biri hesab olunur.

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən hazırlanan HERON TP HERON ailəsinin ən böyük və ən qabaqcıl üzvü sayılır.

Məlumata görə, platforma 45 min fut hündürlükdə fəaliyyət göstərə bilir və real vaxt rejimində yüksək keyfiyyətli görüntülər ötürür. Bu xüsusiyyət ona Egey dənizi, Şərqi Aralıq dənizi və Meriç xətti kimi strateji bölgələrdə uzunmüddətli kəşfiyyat və müşahidə tapşırıqları yerinə yetirməyə imkan verir.

Proqramın ən diqqətçəkən tərəfi isə platformanın silahlı əməliyyat qabiliyyətidir.

Təxminən 1000 kiloqram faydalı yük daşıya bilən HERON TP müxtəlif kəşfiyyat və hədəfləmə sensorları ilə yanaşı, müxtəlif növ sursatları da daşıya bilir. Bu imkan sayəsində aşkar edilmiş hədəflərə qarşı insanlı döyüş təyyarələrinin havaya qalxmasına ehtiyac olmadan sürətli zərbə endirmək mümkün olur.

Yunanıstanın müdafiə dairələri hesab edir ki, bu imkan ölkənin çəkindirmə potensialına mühüm töhfə verəcək. Məlumata görə, HERON TP-nin Yunanıstanın silahlanmasına qəbul etməyə hazırlaşdığı və ya artıq istifadə etdiyi V-BAT PUA-ları ilə birlikdə fəaliyyət göstərməsi planlaşdırılır.

Bu yanaşma müxtəlif insansız sistemlərin eyni şəbəkə daxilində kəşfiyyat, müşahidə, hədəf aşkarlanması və zərbə missiyalarını koordinasiyalı şəkildə yerinə yetirməsinə imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   İsrail   HERON-TP  


Bizi "telegram"da izləyin