Ordu.az xəbər verir ki, bunu Ermənistan daxili işlər nazirinin müavini Armen Mkrtçyan iyunun 9-da parlamentdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, iyunun 7-də keçirilən seçkilər zamanı ədalətli, azad və şəffaf səsvermə prosesi təmin olunub.
Mkrtçyan qeyd edib ki, eyni zamanda hüquq pozuntularının aşkarlanması məqsədilə davamlı monitorinq aparılıb və bir sıra hadisələr qeydə alınıb.
“Bu halların bir hissəsi hazırda araşdırma mərhələsindədir. Döyülmə və xuliqanlıqla bağlı mümkün hadisələr qeydə alınıb və onlar üzrə materiallar istintaq orqanlarına təqdim edilib. Hazırda onların siyasi motivli olub-olmaması barədə qiymətləndirmə verməzdim. Lakin bütün seçki məntəqələrində və seçki prosesi ilə əlaqədar baş verən hadisələr qeydə alınıb. Hadisələrin bir hissəsi İstintaq Komitəsinə göndərilib, bu barədə hər üç saatdan bir ictimaiyyətə məlumat vermişik. Digər hissə isə araşdırılır və ya təkzib olunacaq, ya da istintaqa təqdim ediləcək”, - deyə erməni nazir müavini bildirib.
Mkrtçyan deyib ki, hazırda neçə cinayət işinin açıldığını dəqiq deyə bilməz.
“Mən yalnız onu deyə bilərəm ki, təxminən 100 hadisə bizim tərəfimizdən İstintaq Komitəsinə təqdim edilib. Ola bilsin ki, Komitə başqa mənbələrdən də müraciətlər qəbul edib. Başlanmış icraatların dəqiq sayını İstintaq Komitəsindən öyrənmək olar”, - deyə o qeyd edib.
Müxalifətin polisə ünvanladığı, hakimiyyət tərəfdarlarının törətdiyi hüquq pozuntularına və hücumlara lazımi operativliklə reaksiya verilmədiyi barədə ittihamlara münasibət bildirən Mkrtçyan seçki prosesinin kifayət qədər şəffaf keçdiyini vurğulayıb.
O, xüsusilə Masisdəki “Yerkrapah” hərbi təşkilatı rəhbərinin və “Vətəndaş Müqaviləsi”nin etibarlı nümayəndəsinin “Güclü Ermənistan” təmsilçilərinə hücum etməsi ilə bağlı halların monitorinq zamanı qeydə alındığını bildirib.
“Bütün hadisələri indi xatırlamaya bilərəm, amma qeyd etdiyiniz hallardan bəzilərini şəxsən xatırlayıram. Onlar qeydə alınıb, İstintaq Komitəsinə təqdim olunub və müvafiq araşdırma aparılacaq”, - deyə o bildirib.
Erməni nazir müavini seçici siyahıları ilə bağlı müəyyən çatışmazlıqların mümkün olduğunu etiraf etsə də, onların ciddi xarakter daşımadığını vurğulayıb.
“Bu məsələlərə aydınlıq gətirilib və seçki günü də izahatlar verilib. Miqrasiya və Vətəndaşlıq Xidməti operativ fəaliyyət göstərib. Əlavə suallar yaranarsa, aidiyyəti qurumlara müraciət etmək və cavab almaq mümkündür”, - deyə Mkrtçyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az