Paşinyanın partiyası erməni oliqarxa sövdələşmə təklif edib?

2026/06/1780993751.jpg
Oxunub: 134     12:28     09 İyun 2026    
“Ermənistan vətəndaşları ölkəni tamamilə seçki rüşvətinə qərq etməyə çalışan oliqarx qüvvələri siyasi mənada darmadağın edib”.

Ordu.az xəbər verir ki, bunu iyunun 9-da jurnalistlərlə söhbəti zamanı Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vaaqn Aleksanyan bildirib.

O, parlament seçkilərinin nəticələrini şərh edərkən müxalifətin saxtakarlıq ittihamlarına münasibət bildirib.

Hakim partiyanın nümayəndəsi erməni oliqarx Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının səsləri ilə bağlı məqsədli manipulyasiyalar aparıldığına dair bütün iddiaları qəti şəkildə rədd edib.

“Müxalif media orqanları absurda əsaslanan tezislər irəli sürür. İki seçki məntəqəsində operatorların məlumatları əl ilə sistemə daxil etməsi zamanı sırf texniki səhv baş verib. Sətirlərin yerinin dəyişməsi nəticəsində məhz “Vətəndaş Müqaviləsi”nin təxminən 650 səsi səhvən az göstərilib”, - deyə o qeyd edib.

Erməni deputat istehza ilə bildirib ki, əgər müxalifət hakimiyyəti öz səslərini “oğurlamaq” üçün gizli plan qurmaqda ittiham edirsə, bu tamamilə məntiqsiz yanaşmadır.

Aleksanyan müxalifəti ikili standartlarda ittiham edərək səsvermədən sonrakı gecənin xronologiyasını xatırladıb.

O bildirib ki, “Güclü Ermənistan” blokunun baş nazirliyə namizədi Samvel Karapetyan və onun qardaşı oğlu Narek Karapetyan saat 20:01-də, hələ heç bir seçki qutusu açılmamış canlı efirə çıxaraq Paşinyanın məğlub olduğunu elan ediblər.

“Paşinyanın yalnız gecə saat 02:30-da minlərlə seçki məntəqəsindən daxil olmuş real məlumatlara əsaslanaraq qələbəsini elan etməsinə irad tutulması absurddur. Deməli, onların saat 20:01-də heç bir səs sayılmadan hakimiyyətin məğlub olduğunu elan etməsi olar, amma Paşinyanın altı saat sonra konkret rəqəmlərə əsaslanaraq qələbə barədə danışması olmaz?” - deyə o bildirib.

Paşinyanın komanda yoldaşı əlavə edib ki, partiya bu seçkilərdə mütləq rəqəmlərlə ifadə olunan nəticəsini yaxşılaşdıraraq 727 min səs toplayıb.

Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” İrəvanın bütün inzibati rayonlarında, eləcə də Gümrüdə ciddi artım nümayiş etdirib və Gümrüdə partiyanın nəticəsi 50 faizi ötüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin