Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Avropa İttifaqı Ermənistan vətəndaşlarını parlament seçkilərində öz suveren demokratik hüquqlarından istifadə etmələri münasibətilə təbrik edir və yüksək vətəndaş iştirakını təqdir edir.
Avropa İttifaqı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının ilkin nəticə və qənaətlərinə istinad edərək bildirib ki, seçki kampaniyası yüksək dərəcədə qütbləşmiş olsa da, seçkilər inklüziv şəkildə idarə olunub, seçicilərə aydın siyasi alternativlər təqdim edilib və güclü hüquqi baza əsasında yaxşı təşkil olunub.
Bəyanatda həmçinin iddia edilir ki, seçki kampaniyası və səsvermə Rusiyanın görünməmiş müdaxilələri, təzyiqləri və davamlı hibrid hücumları fonunda baş tutub. Bu fəaliyyətlərə iqtisadi təzyiq vasitələrinin də daxil olduğu və onların demokratik prosesi sarsıtmağa, cəmiyyətdə parçalanma yaratmağa yönəldiyi vurğulanıb.
Qeyd olunur ki, seçkilər Ermənistan xalqının Avropa dəyərlərinə, dinc siyasi iştiraka və sabit, təhlükəsiz, firavan gələcəyə sadiqliyini də ortaya qoyub.
Avropa İttifaqı Ermənistanın seçki orqanları tərəfindən açıqlanan ilkin nəticələri nəzərə aldığını və bu nəticələrin Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının açıq üstünlüyünü göstərdiyini bildirib.
Bəyanatda bütün siyasi qüvvələr səsvermənin nəticələrinə, demokratik prosedurlara hörmət etməyə və seçkilərlə bağlı şikayətləri hüquqi mexanizmlər vasitəsilə həll etməyə çağırılıb.
Avropa İttifaqı Ermənistanı və onun xalqını dəstəkləməyə davam etdiyini, ölkənin demokratik inkişaf yoluna sadiq qaldığını və tərəfdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu bəyan edib.
“Avropa İttifaqı Ermənistanın gələcək hökuməti və parlamenti ilə sıx əməkdaşlığın davam etdirilməsini, islahatlar gündəliyinin həyata keçirilməsini, regional sülhün, iqtisadi inkişafın və qarşılıqlı əlaqələrin təşviq edilməsini gözləyir”, - deyə bəyanatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az