“Euractiv”: Paşinyanın partiyası Avropa Xalq Partiyasına qoşula bilər

2026/06/1780993565.jpg
Oxunub: 236     12:18     09 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının Avropa Xalq Partiyasına (EPP) üzvlüyü ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Məlumata görə, Avropa Xalq Partiyası Avropa İttifaqının ən böyük ümumavropa siyasi birliklərindən biridir.

“Hələlik yekun qərar və ya konkret vaxt çərçivəsi müəyyən edilməyib, lakin Paşinyan artıq bu məsələyə maraq göstərib”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, müsbət qərar qəbul ediləcəyi təqdirdə üzvlük prosesinin 2026-cı ildən sonra tamamlanacağı ehtimal olunur.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən, “Vətəndaş Müqaviləsi” partiyası səslərin təxminən 49,8 faizini qazanıb.

İkinci yeri 23,3 faiz səslə “Güclü Ermənistan” bloku tutub. Onu isə 9,9 faiz nəticə ilə “Hayastan” bloku izləyib. Digər siyasi qüvvələr, o cümlədən “Çiçəklənən Ermənistan” partiyası parlamentə düşmək üçün tələb olunan səddini aşa bilməyib.

Müxalifət və müşahidəçilər daha əvvəl seçki prosesi zamanı bir sıra pozuntuların qeydə alındığını bildirmişdilər. Onların sözlərinə görə, seçicilərə təzyiqlər göstərilib, təşkilati nöqsanlar baş verib, həmçinin seçki kampaniyası və səsvermə günü müxalif qüvvələrin nümayəndələrinin saxlanılması halları müşahidə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Avropa  


Bizi "telegram"da izləyin