Belçika müdafiə innovasiyalarına 3,7 milyard avro sərmayə yatıracaq

2026/06/1780989111.jpg
Oxunub: 246     11:16     09 İyun 2026    
Belçikanın müdafiə naziri Teo Franken ODIN adlı yeni proqram çərçivəsində 2026-2035-ci illər ərzində müdafiə innovasiyalarına 3,7 milyard avro sərmayə qoyulacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Belga” agentliyi məlumat yayıb.

Franken bildirib ki, Belçikanın 2022-ci ildə başladığı Müdafiə, Sənaye və Tədqiqat Strategiyasının tərkib hissəsi olan yeni ODIN proqramı müdafiə sahəsindəki investisiyaların qısa müddətdə praktiki nəticələrə çevrilməsini hədəfləyir.

“Bu, sadəcə kağız üzərindəki planlardan ibarət deyil. Söhbət qarşıdakı illərdə 3,7 milyard avroluq məqsədyönlü sərmayələrdən gedir”, - deyə müdafiə naziri vurğulayıb.

Proqram Belçika Ordusu üçün yeni texnologiyaların hazırlanmasını və ölkənin müdafiə sənayesinin dəstəklənməsini nəzərdə tutur. Layihə çərçivəsində 2035-ci ilə qədər müdafiə sahəsində tədqiqat, innovasiya və istehsal istiqamətlərinə hər il 350 milyon avrodan çox vəsait ayrılması planlaşdırılır.

Nazir eyni zamanda “Zeebrugge” Dəniz Bazasında yerləşən 1 nömrəli körpünün modernləşdirilməsi layihəsinin Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini də açıqlayıb.

Frankenin sözlərinə görə, layihənin əsas məqsədi daha böyük gəmilərin bazaya daxil olmasını təmin etmək, həmçinin körpüyə yan alan gəmilərin yükləmə və boşaltma əməliyyatlarının sürətini artırmaqdır.

Belçika hökuməti hesab edir ki, bu modernləşdirmə həm ölkənin hərbi-dəniz imkanlarını gücləndirəcək, həm də gələcəkdə daha iri platformaların qəbul edilməsinə şərait yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Franken   ODIN  


Bizi "telegram"da izləyin