ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib

2026/06/1780989074.jpg
Oxunub: 257     11:12     09 İyun 2026    
ABŞ Dövlət Departamenti “Anduril” şirkəti tərəfindən hazırlanmış qabaqcıl antidron sistemlərinin Küveytə satışına icazə verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Məlumata görə, Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində həyata keçiriləcək tədarük paketinin ümumi dəyəri təxminən 1,98 milyard dollar təşkil edir.

Satışın reallaşacağı təqdirdə Küveyt insansız uçuş aparatlarına qarşı radioelektron mübarizə və kinetik ələkeçirmə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq yeni nəsil müdafiə sistemlərinə sahib olacaq. Küveytin müraciəti əsasında formalaşdırılmış paketə “Anduril” şirkətinin müxtəlif antidron həlləri və onlarla əlaqəli dəstək avadanlıqları daxildir.

Tədarük proqramına “Roadrunner-M” ələkeçirmə sursatları, “Anvil” kinetik ələkeçirmə platformaları, buraxılış sistemləri, “Lattice” komanda-idarəetmə şəbəkəsi, atəş idarəetmə sistemi ilə təchiz edilmiş uzunmənzilli “Sentry Tower” qüllələri və mobil “Long Range Sentry Tower-82” sistemləri daxil edilib. Bundan əlavə, “Extended Range Sentry Tower” və “Maritime Sentry Tower” sistemləri də paketin tərkib hissəsidir.

Müqavilə yalnız ələkeçirmə sistemlərini əhatə etmir. “Pulsar” elektromaqnit müharibə sistemləri, “Menace” taktiki əməliyyat mərkəzləri, generatorlar, təlim xidmətləri, texniki sənədləşmə və proqram təminatının inkişafı işləri də müqaviləyə daxil edilib.

Həmçinin ABŞ hökuməti və podratçı şirkətlər tərəfindən təqdim olunacaq mühəndislik, texniki və logistika dəstəyi xidmətləri də paket çərçivəsində təmin ediləcək. ABŞ Dövlət Departamenti bildirib ki, satış Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə tam uyğundur.

Departamentin açıqlamasında vurğulanıb ki, Küveyt ABŞ-nin NATO üzvü olmayan əsas müttəfiqlərindən biridir və Yaxın Şərqdə siyasi sabitliklə iqtisadi inkişaf baxımından mühüm rol oynayır.

Açıqlamada həmçinin qeyd olunub ki, nəzərdə tutulan satış Küveytin mövcud və gələcək təhdidlərlə mübarizə imkanlarını gücləndirəcək və sistemlərin ölkənin təhlükəsizlik qüvvələri tərəfindən problemsiz şəkildə silahlanmaya qəbul ediləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Küveyt  


Bizi "telegram"da izləyin