“RİA Novosti”: Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret tarix hələ müəyyən edilməyib

2026/06/1780988917.jpg
Oxunub: 292     11:09     09 İyun 2026    
Hazırda Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı konkret tarix yoxdur və növbəti addımlar iki ölkə arasında münasibətlərin normallaşması prosesinin gedişindən asılı olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti” agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, sərhədin açılması ilə bağlı dəqiq vaxt müəyyən edilməyib və prosesin dinamikası ikitərəfli dialoqun inkişafından asılı olacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin sözlərinə görə, Ankara və İrəvan may ayının ortalarında iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıq işlərini başa çatdırıblar.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin öz məhsullarını üçüncü ölkələr vasitəsilə rəsmiləşdirməyə ehtiyac olmadan Ermənistana ixrac etməyə başlayacağını bildirmişdi.

Mənbə qeyd edib ki, hazırkı mərhələdə sərhədin açılacağı tarix müəyyən edilməyib və prosesin gələcək inkişafı tərəflər arasındakı dialoqun nəticələrindən asılı olacaq.

Bununla yanaşı, Ankarada konstruktiv danışıqların davam etdiriləcəyinə ümid edilir. Türkiyə tərəfi hesab edir ki, bu proses Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verə bilər.

Qeyd edək ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və sərhəd 1993-cü ildən bağlı qalır. İki ölkənin xüsusi nümayəndələri arasında danışıqlar 2022-ci ildən davam etsə də, əvvəllər əldə olunmuş razılaşmalar hələ də həyata keçirilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin