Ordu.az xəbər verir ki, bu barədə o, Türkiyənin Berlindəki səfirliyində təşkil olunan “Yüksələn Türkiyənin Aviasiya və Müdafiə Texnologiyası” konfransında çıxışı zamanı danışıb.
Dəmiroğlu Türk müdafiə sənayesinin qlobal uğurlarından və gələcək baxışından bəhs edərək bildirib ki, 1973-cü ildə kiçik bir emalatxanada fəaliyyətə başlayan TUSAŞ 2005-ci ildə xarici səhmlərin tam alınmasından sonra yüz faiz yerli və milli quruma çevrilib.
Onun sözlərinə görə, son 20 ildə insanlı və insansız uçuş aparatları, helikopterlər və kosmik layihələr də daxil olmaqla 13 orijinal platforma hazırlanıb.
Dəmiroğlu qeyd edib ki, bu gün Ankara şəhərinin Kahramankazan rayonunda yerləşən 4 milyon kvadratmetrlik nəhəng kampusda 16 min 300 nəfərlik kollektiv fəaliyyət göstərir. Şirkətdə orta yaş həddi 34-dür və dünyanın müxtəlif ölkələrində nümayəndəliklər mövcuddur. O əlavə edib ki, yaxın vaxtlarda Nigeriya başda olmaqla Afrika qitəsində də fəaliyyət genişləndiriləcək.
TUSAŞ-ın mülki aviasiya bazarındakı roluna da toxunan baş direktor bildirib ki, şirkət mülki aviasiya konstruksiyaları sahəsində həm “Airbus”, həm də “Boeing” üçün hissələr istehsal edən dünyadakı nadir müəssisələrdən biridir.
“Biz mülki aviasiya konstruksiyaları sahəsində “Airbus” və “Boeing”in ən böyük təchizatçılarından biriyik. Bəzi kritik hissələrin dünyadakı yeganə istehsalçısıyıq. “Airbus”un havada olan demək olar ki, hər bir təyyarəsində TUSAŞ-ın izi var”, - deyə Dəmiroğlu bildirib.
O, altıncı nəsil döyüş təyyarələri sahəsində dünyada söz sahibi olan qurumlardan birinə çevrilməyi hədəflədiklərini vurğulayıb.
“Avropada Tempest və ya FCAS kimi layihələrdən danışılır. Lakin Fransa, Almaniya, İspaniya və ya Böyük Britaniya hələ bu layihələri faktiki olaraq başlada bilməyib. Biz isə onlardan çox daha irəlidəyik. Milli Döyüş Təyyarəmiz KAAN-ın 2024-cü il fevralın 21-də həyata keçirdiyi ilk uçuş bütün ölkənin inkişaf istiqamətini dəyişdi. Türkiyə bu texnologiyanı mənimsəyən dünyanın dörd ölkəsindən birinə çevrildi. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarından ibarət zərbə potensialını yerli və milli sistemlərlə modernləşdirmək üçün müəyyən etdiyimiz qrafiki dəqiqliklə icra edirik”, - deyə o qeyd edib.
Kosmik fəaliyyətlər barədə də danışan Dəmiroğlu Somalidə qurulan kosmik mərkəzin strateji əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, kosmik yarış daha da sürətləndikcə qlobal buraxılış imkanlarında çatışmazlıq yaranacaq və bu investisiya Türkiyənin müstəqil kosmik buraxılış imkanlarını təmin edəcək.
Dəmiroğlu vurğulayıb ki, 2020-ci illərin əvvəllərində müşahidə olunan ixtisaslı kadr axını artıq əks istiqamətə çevrilib.
“Artıq ölkədən gedən əməkdaşlarımızdan daha çox insan Türkiyəyə və TUSAŞ-a geri qayıdır. Bu şirkət 86 milyon vətəndaşımızın ortaq sərvətidir”, - deyə o bildirib.
Baş direktor xaricdə yaşayan gənc mühəndisləri Türkiyəyə qayıtmağa və Xaricdəki Türklər və Qohum İcmalar İdarəsi ilə həyata keçirilən təcrübə proqramlarına qoşulmağa çağırıb.
Çıxışında gənclərə altı mühüm tövsiyə də verən Dəmiroğlu aviasiya sənayesində uğur qazanmaq üçün səbir və əzmin vacib olduğunu vurğulayıb.
“Dəfələrlə cəhd edirsiniz, alınmır və məhz imtina etmək üzrə olduğunuz anda uğur qazanırsınız. Çalışmaq və yorulmamaq lazımdır”, - deyə o bildirib.
Dəmiroğlu gəncləri qarşılarına konkret məqsədlər qoymağa, cəsarətli olmağa və səhv etməkdən qorxmamağa çağırıb.
“Yıxılmaqdan, səhv etməkdən, sahə və ya ölkə dəyişməkdən qorxmayın. Türkiyəyə gəlməkdən də çəkinməyin”, - deyə Dəmiroğlu qeyd edib.
Baş direktor əlavə edib ki, müasir dövrdə uğurun əsas şərti güclü insan resursları və möhkəm infrastrukturun mövcudluğudur.
“İstədiyiniz qədər istedadlı olun, əgər infrastrukturunuz yoxdursa, sınaqları keçirə bilməz və xaricdən asılı vəziyyətdə qalarsınız. TUSAŞ olaraq Avropanın ikinci ən böyük səsdən aşağı sürətli aerodinamik tunelinə sahibik. Özünüzü elə yetişdirin ki, dünyada həmin sahə haqqında danışılarkən ilk yada düşən ad siz olasınız”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az