ABŞ ordusu PUA-lara qarşı 150 milyon dollarlıq “Hydra-70” proqramına başlayıb

2026/06/1780984890.jpg
Oxunub: 306     10:04     09 İyun 2026    
ABŞ ordusu aşağı xərcli Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı istifadə olunacaq “Hydra-70” raketlərini lazerlə tuşlanan sursatlara çevirmək məqsədilə “iRocket” şirkətinə dəyəri 30-150 milyon dollar arasında dəyişən müqavilə verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ ordusunun yaydığı məlumatda bildirilib.

İyunun 8-də elan edilən müqaviləyə əsasən, “Innovative Rocket Technologies” (iRocket) şirkəti ABŞ ordusunun “PEO Fires” proqramı üçün “Hydra-70” idarəolunan raket komponentləri istehsal edəcək.

Proqramın məqsədi idarəolunmayan 70 mm çaplı “Hydra-70” raketlərini lazerlə tuşlanan dəqiq sursatlara çevirməklə aşağı xərcli hava təhdidlərinə qarşı iqtisadi həll təqdim etməkdir.

Məlumata görə, proqram son illərdə xüsusilə Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr fonunda daha qabarıq görünən xərc probleminin həllinə yönəlib.

ABŞ ordusu və Dəniz Piyada Korpusu tərəfindən geniş istifadə olunan AGM-114 “Hellfire” raketlərinin bir vahidinin dəyəri 150-200 min dollar arasında dəyişdiyi halda, məhv edilməsi nəzərdə tutulan bir çox kamikadze PUA və ya mülki platformalar əsasında hazırlanmış hücum PUA-larının dəyəri cəmi bir neçə yüz və ya bir neçə min dollar təşkil edir.

Bu səbəbdən ABŞ hərbi qurumları daha aşağı xərcli ələkeçirmə vasitələrinə üstünlük verməyə başlayıb.

1940-cı illərin sonlarından etibarən ABŞ arsenalında yer alan “Hydra-70” raketləri Vyetnamdan İraq və Əfqanıstana qədər çoxsaylı münaqişələrdə istifadə olunub. Helikopterlərdən, sabit qanadlı təyyarələrdən və quru platformalarından buraxıla bilən 70 mm çaplı raketlərin yüz minlərlə nümunəsi istehsal edilib.

Standart versiyada əraziyə kütləvi zərbə endirmək üçün istifadə olunan “Hydra-70” raketləri lazer tuşlama sistemi əlavə edildikdə yüksək dəqiqlikli sursata çevrilir. Hədəfin lazerlə işarələnməsi raketin uçuşun son mərhələsində hədəfə yönəlməsinə və kiçik PUA-lara qarşı effektiv istifadə olunmasına imkan yaradır.

“iRocket” istehsalı “Factory ONE of the Future” adlandırılan yeni nəsil müəssisədə həyata keçirməyi planlaşdırır. Şirkətin məlumatına görə, müəssisə avtomatlaşdırma, robot sistemləri və rəqəmsal istehsal texnologiyalarından istifadə edilməklə layihələndirilib.

Yeni zavodun hər beş dəqiqədən bir raket mühərriki istehsal etməsi və illik təxminən 97 min ədəd istehsal gücünə çatması nəzərdə tutulur.

“iRocket” şirkətinin baş icraçı direktoru Asad Malik bildirib ki, bu müqavilə müasir müharibələrin aparılması qaydalarının dəyişdiyini göstərir.

Onun sözlərinə görə, aşağı xərcli PUA-ların kütləvi istifadəsi fonunda ənənəvi müdaxilə modeli artıq dayanıqlı deyil və şirkət yeni nəsil istehsal yanaşması ilə aşağı xərcli dəqiq sursatları böyük həcmdə istehsal etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Hydra-70  


Bizi "telegram"da izləyin