İtaliya və Kanada sualtı müdafiə sahəsində strateji tərəfdaşlığa başlayır

2026/06/1780984831.jpg
Oxunub: 242     10:00     09 İyun 2026    
“Fincantieri” şirkətinin törəmə müəssisəsi olan “WASS Submarine Systems” ilə Kanadanın aerokosmik və müdafiə şirkəti “Magellan Aerospace Corporation” Kanadaın sualtı müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə tərəflərin yaydığı birgə məlumatda bildirilib.

Ottavada keçirilən CANSEC 2026 müdafiə sərgisində imzalanan sənəd Kanada müdafiə sənayesinin suverenliyini dəstəkləmək və sualtı müdafiə sistemləri sahəsində yerli sənayenin iştirakını artırmaq məqsədi daşıyır. Razılaşma çərçivəsində tərəflər ağır sinfə məxsus torpedolar və torpedolara qarşı əks-tədbir sistemləri üzrə Kanada sənayesinin iştirak imkanlarını qiymətləndirəcəklər.

Əməkdaşlıq komponent istehsalı, energetik hissələrin hazırlanması, alt sistemlərin istehsalı, yekun montaj işləri və zavod sınaqlarını əhatə edəcək. Bundan əlavə, texniki xidmət və istismar dəstəyi də birgə fəaliyyət istiqamətləri arasında yer alır.

“Fincantieri”nin açıqlamasında qeyd olunub ki, əməkdaşlığın məqsədi Kanadada sualtı müdafiə sistemlərinin bütün həyat dövrünü əhatə edən dayanıqlı və rəqabətqabiliyyətli sənaye infrastrukturu yaratmaqdır.

150 ildən artıq sualtı müdafiə təcrübəsinə malik “WASS Submarine Systems” şirkətinin qabaqcıl torpedo və sualtı sistemlər sahəsindəki bilik və təcrübəsini Kanada sənayesi ilə paylaşacağı vurğulanıb. Tərəflər hesab edir ki, WASS-ın texniki təcrübəsi ilə “Magellan”ın Kanadadakı istehsal infrastrukturu birləşdirilərək ölkənin müstəqil sualtı müdafiə imkanlarının inkişafına töhfə veriləcək.

Şirkətlər həmçinin uzunmüddətli perspektivdə Kanadada dayanıqlı texniki xidmət və istismar imkanlarının formalaşdırılmasını hədəflədiklərini bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Kanada  


Bizi "telegram"da izləyin