M109 dövrü başa çatır: İsveçrə AGM artilleriya sistemini seçib

2026/06/1780984797.jpg
Oxunub: 297     09:58     09 İyun 2026    
İsveçrə 1960-cı illərdən etibarən istismarda olan M109 özüyeriyən haubitsalarını əvəz edəcək yeni nəsil artilleriya sistemi üçün Almaniyanın KNDS “Deutschland” şirkəti ilə tədarük müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrə Federal Müdafiə Təchizatı Ofisi (armasuisse) məlumat yayıb.

Məlumata görə, yeni artilleriya sistemi qismində KNDS tərəfindən hazırlanmış AGM (Artillery Gun Module) artilleriya modulu İsveçrənin “GDELS-Mowag” şirkətinin istehsal etdiyi “Piranha IV” platformasına inteqrasiya ediləcək.

Sözügedən müqavilə İsveçrə Ordusunun 2025-ci il Silahlı Qüvvələr Proqramı çərçivəsində həyata keçirdiyi “Artilleriya Silah Platforması və Sursat 2026” layihəsinin mühüm mərhələlərindən biri hesab olunur.

Layihə çərçivəsində İsveçrə bir prototip və 32 seriya istehsalı sistemi satın alacaq. Müqaviləyə sursat logistikası, təlim və simulyasiya sistemləri, ehtiyat hissələri, texniki sənədləşmə və texniki xidmət avadanlıqları da daxildir.

Bununla yanaşı, yeni artilleriya sistemi üçün müasir sursatlar, partladıcılar və ilkin sursat ehtiyatı da tədarük ediləcək. Rəsmilərin sözlərinə görə, yeni sursatlar mövcud ehtiyatlarla müqayisədə daha yüksək dağıdıcı güc və daha uzun mənzil təmin edəcək.

İsveçrə Silahlı Qüvvələri üçün yekun konfiqurasiyada hazırlanacaq prototipin 2027-ci ildə tamamlanması planlaşdırılır. Sistem 2028-ci ildə genişmiqyaslı kvalifikasiya sınaqlarından keçiriləcək. Seriya istehsalı sistemlərin təhvilinə isə 2031-ci ildə başlanılması nəzərdə tutulur.

Armasuisse bildirib ki, AGM-“Piranha IV” kombinasiyası mövcud sistemlərlə müqayisədə daha yüksək hərəkətlilik, daha güclü mühafizə, artırılmış mənzil və daha yüksək dəqiqlik təqdim edəcək.

Sistem həmçinin rəqəmsal komanda-idarəetmə infrastrukturu, müasir sensor inteqrasiyası və yüksək avtomatlaşdırma səviyyəsi sayəsində daha sürətli reaksiya və daha effektiv əməliyyat imkanları təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: M109   İsveçrə   AGM  


Bizi "telegram"da izləyin