RTX “Patriot” və LTAMDS istehsalını genişləndirmək üçün 100 milyon dollar sərmayə yatıracaq

2026/06/1780984492.jpg
Oxunub: 303     09:55     09 İyun 2026    
RTX korporasiyasının tərkibinə daxil olan “Raytheon” şirkəti hava və raketdən müdafiə sistemlərinin istehsal gücünü artırmaq məqsədilə ABŞ-nin Rod-Aylend ştatının Portsmut şəhərində yerləşən müəssisəsinə 100 milyon dollar sərmayə yatıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Məlumata görə, sərmayə çərçivəsində ABŞ ordusu üçün hazırlanmış LTAMDS (Lower Tier Air and Missile Defense Sensor) radarının sınaq imkanları genişləndiriləcək, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan GEM-T raket komponentlərinin istehsalı artırılacaq.

“Raytheon”un Quru və Hava Müdafiə Sistemləri bölməsinin rəhbəri Tom Laliberti bildirib ki, şirkət bu addımla qlobal müştərilərə kritik hava və raketdən müdafiə imkanlarını daha sürətli çatdırmağı hədəfləyir.

Şirkətin məlumatına görə, Portsmutdakı genişləndirmə işləri artan beynəlxalq tələbat fonunda LTAMDS radarlarının sınaq proseslərini sürətləndirəcək və “Patriot” GEM-T komponentlərinin istehsal həcmini artıracaq. Bildirilir ki, bu açıqlama “Raytheon”un təxminən səkkiz ay əvvəl Massaçusets ştatının Andover şəhərində yerləşən Radar İstehsalı Müəssisəsinin genişləndirilməsi üçün ayırdığı 53 milyon dollarlıq sərmayədən sonra verilib.

Yeni nəsil radar hesab olunan LTAMDS xüsusilə hipersəs silahlarının aşkarlanması və izlənməsi imkanları ilə seçilir. Hazırda şirkət ABŞ ordusu və Polşa üçün çoxsaylı LTAMDS radarlarının istehsalını nəzərdə tutan müqavilələr üzərində işləyir. “Raytheon” həmçinin son uçuş sınaqları zamanı radarın çoxsaylı antenna massivlərindən istifadə edərək hədəfi uğurla izlədiyini və onun qarşısının alınması prosesini dəstəklədiyini açıqlayıb.

Sərmayənin digər istiqaməti isə “Patriot Advanced Capability-2 Guidance Enhanced Missile-Tactical” (GEM-T) raketi üçün alt komponentlərin istehsalının artırılmasıdır.

“Patriot” sisteminin əsas önləmə sursatlarından biri hesab olunan GEM-T taktiki ballistik raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı istifadə edilir və uzun illərdir “Patriot” hava və raketdən müdafiə arxitekturasının mühüm elementlərindən biri sayılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RTX   Patriot   LTAMDS  


Bizi "telegram"da izləyin