Portuqaliya HDQ 47 ədəd SENTINEL silah sistemi tədarük edəcək

2026/06/1780984454.jpg
Oxunub: 208     09:51     09 İyun 2026    
İspaniyanın müdafiə və təhlükəsizlik texnologiyaları şirkəti EM&E Group NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə Portuqaliya Hərbi Dəniz Qüvvələrinə 47 ədəd SENTINEL dəniz tipli silah stansiyası tədarük edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

“EM&E Group” qeyd edib ki, sözügedən müqavilə şirkətin NSPA vasitəsilə həyata keçirdiyi ən böyük layihədir və beynəlxalq inkişaf strategiyasında mühüm mərhələ hesab olunur. Müqaviləyə əsasən, Portuqaliya Hərbi Dəniz Qüvvələrinə SENTINEL 2.0 və SENTINEL 30 uzaqdan idarə olunan silah stansiyaları təhvil veriləcək.

SENTINEL 2.0 sistemi 12,7 mm çaplı pulemyotlarla, SENTINEL 30 isə 30 mm çaplı top sistemləri ilə istifadə oluna bilir. Şirkətin məlumatına görə, hər iki sistem NATO-nun texniki və əməliyyat tələblərinə cavab verir. Layihə iki mərhələdə həyata keçiriləcək və proqram çərçivəsində Portuqaliya Hərbi Dəniz Qüvvələrinin müxtəlif platformalarında istifadə olunmaq üçün ümumilikdə 47 sistem təhvil veriləcək.

“EM&E Group” vurğulayıb ki, bu müqavilə Avropanın müdafiə sahəsində strateji muxtariyyətini dəstəkləyən texnoloji həllərin hazırlanması istiqamətində atılan addımların tərkib hissəsidir.

Qeyd olunub ki, SENTINEL ailəsinə aid silah stansiyaları uzun illərdir İspaniya Hərbi Dəniz Qüvvələrinin müxtəlif platformalarında istifadə edilir və bir sıra beynəlxalq layihələrdə də tətbiq olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   HDQ   SENTINEL  


Bizi "telegram"da izləyin