Yaxın Şərqdə iyunun 9-u səhər saatlarınadək baş verən əsas hadisələr

2026/06/1780291357.jpg
Oxunub: 268     09:48     09 İyun 2026    
Yaxın Şərqdə vəziyyət diplomatik səylərin iflasa uğraması həddinə qədər gərginləşib. ABŞ ilə İran arasında əldə olunmuş kövrək razılaşmalar İsrailin Livan istiqamətində davam edən hücumları səbəbindən təhlükə altına düşüb.

Ordu.az Yaxın Şərqdə gecə ərzində baş verən əsas hadisələrin icmalını təqdim edir.

Məlumata görə, İran və İsrail birbaşa zərbələri dayandırsalar da, təhlükə hələ də qalır. Tehran hücumları dayandırdığını bəyan edib, lakin İsrailin, o cümlədən Livandakı əməliyyatlarını davam etdirməsi halında zərbələrin yenidən başlanacağını bildirib.

“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya sərt xəbərdarlıq edib. O, İsrail liderinə ehtiyatlı davranmağı tövsiyə edərək, “Ehtiyatlı ol, əks halda tezliklə tək qalacaqsan” ifadəsini işlədib.

Vaşinqton hesab edir ki, İsrail Müdafiə Qüvvələrinin Beyrut istiqamətində həyata keçirdiyi hücumlar ABŞ-İran razılaşmalarını pozmaq riski yaradır.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə bildirib ki, atəşkəs yalnız kağız üzərində mövcud olub və davamlı pozuntular fonunda ABŞ ilə İsrailin etimad yaratmaq niyyəti görünmür.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmçinin İran istiqamətində hərəkət edən neft tankerlərinə hücum edildiyini açıqlayıb. Bildirilir ki, bu, apreldə ABŞ-nin dəniz blokadası tətbiq etməsindən sonra vurulan yeddinci gəmi olub.

İsrailin Livana gecə saatlarında endirdiyi zərbələr nəticəsində 12 nəfər həlak olub. Ölənlər arasında qadın və uşaq da var. Hücumlar zamanı dörd tibb işçisi yaralanıb. Mart ayından etibarən Livanda həlak olanların ümumi sayı 3637 nəfərə çatıb.

ABŞ Konqresində isə 1967-ci ildə İsrail tərəfindən USS “Liberty” gəmisinə edilən hücumun yenidən araşdırılması tələb olunub. Respublikaçı konqresmen Tomas Messi hadisə ilə bağlı yeni istintaqın aparılmasına çağırış edib. Həmin hücum nəticəsində 34 amerikalı dənizçi həlak olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin