Ordu.az xəbər verir ki, bunu Ermənistanın Şəbəkə Araşdırmaları İnstitutunun direktoru, erməni politoloq Qaqik Harutyunyan deyib.
Erməni politoloq Ermənistanda mövcud hakimiyyətin yenidən formalaşmasının ölkə üçün ciddi təhlükələr yaratdığını iddia edib.
“Belə çıxır ki, Ermənistan bu yolla Türkiyə-Azərbaycan vilayətinə çevriləcək”, - deyə Harutyunyan bildirib.
Harutyunyan hesab edir ki, Ermənistan tarixində indiki hakimiyyət qədər ziddiyyətli və tənqid olunan siyasi qüvvə olmayıb.
“Tariximizdə müxtəlif məqsədlərlə yanlış addımlar atan ayrı-ayrı hökmdarlar olub. Lakin mövcud hakimiyyət öz mahiyyətinə görə istisna təşkil edir”, - deyə o vurğulayıb.
Erməni politoloq ölkədə gedən proseslərin gələcək perspektivləri ilə bağlı da pessimist mövqe nümayiş etdirib.
“Baş verən bütün prosesləri təhlil etdikdə görürəm ki, ölkəmiz yaxşı istiqamətdə irəliləmir. Aydındır ki, bu rəhbərlik daha da sinikləşəcək”, - deyə Harutyunyan qeyd edib.
Erməni politoloq 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistanın xarici və daxili siyasət kursunun Azərbaycan və Türkiyə ilə yaxınlaşma istiqamətində qurulduğunu düşünür.
“2018-ci ildən sonra hakimiyyətin siyasəti Ermənistanı Azərbaycan və Türkiyəyə doğru aparmağa yönəlib. İndi isə onlar bu istiqamətdə daha fəal işləyəcəklər”, - deyə o bildirib.
Harutyunyan sülh müqaviləsi məsələsinə də toxunaraq sənədin imzalanmasının özü ilə ciddi dəyişikliklər gətirməyəcəyini iddia edib.
O, hazırkı proseslərin müəyyən edilmiş siyasi xətt üzrə davam etdiyini iddia edib.
“Faktiki olaraq hər şey Paşinyan və İlham Əliyevin ABŞ səfəri zamanı razılaşdırdıqları istiqamətdə baş verir. Buna görə də bütün bu proseslərdən yaxşı gözləntilər bəsləməyə dəyməz”, - deyə Harutyunyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az