Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vazgen Hovhannisyan deyib.
Erməni politoloqun sözlərinə görə, istənilən dövlətin xarici siyasət kursunun dəyişməsi yalnız bunun üçün zəruri potensial mövcud olduqda mümkündür.
“Hazırda Ermənistanın xarici siyasətində aydın strateji məntiq müşahidə olunmur. İlk növbədə xarici siyasət dövlətə yönələn təhdidlərin neytrallaşdırılmasına xidmət etməlidir”, - deyə Hovhannisyan bildirib.
Hovhannisyan bildirib ki, Azərbaycan tərəfi dəhliz məsələsini irəli sürür.
“İndi hakimiyyət həmin marşrutu necə adlandıracaq, bu, başqa məsələdir. Lakin İlham Əliyev bu dəhliz ideyasının ideoloji əsasını formalaşdırmağa nail olub və uzun illər bunun uğrunda mübarizə aparıb. Bu isə Ermənistan ərazisindən maneəsiz giriş və çıxış deməkdir”, - deyə o qeyd edib.
Erməni politoloqun fikrincə, bütün bunlara baxmayaraq, Ermənistan tərəfi təhdidlərin qarşısını almağa yönəlmiş adekvat addımlar atmır.
“Biz görürük ki, xarici siyasət sahəsində real təhlükələr mövcuddur. Lakin onların neytrallaşdırılması istiqamətində Ermənistan tərəfindən məqsədyönlü addımlar atılmır”, - deyə Hovhannisyan bildirib.
O, xarici siyasətin diversifikasiyası ilə bağlı hakimiyyət nümayəndələrinin tez-tez səsləndirdiyi bəyanatları da tənqid edib.
“Diversifikasiya aparmaq üçün ilk növbədə güc resurslarına malik olmaq lazımdır. Təəssüf ki, Ermənistanın belə resursları yoxdur. Bu gün baş verənlər xarici siyasətin diversifikasiyası deyil, xarici siyasət sahəsində hoqqabazlıqdır və bunun bədəlini erməni xalqı ödəyəcək”, - deyə erməni politoloq vurğulayıb.
Hovhannisyanın sözlərinə görə, dövlətlərin davranışı ilk növbədə təhlükələrin neytrallaşdırılması və güc potensialının artırılması məqsədinə xidmət etməlidir.
“İstənilən dövlət öz maraqlarını təmin etmək üçün güc imkanlarını artırmağa və təhdidləri aradan qaldırmağa çalışır. Beynəlxalq münasibətlərin anarxik mühitində yalnız bu yolla dövlətin həyat qabiliyyətini qorumaq mümkündür”, - deyə o bildirib.
Erməni politoloq əlavə edib ki, Ermənistanın hazırkı davranış modeli rasional dövlət davranışına uyğun gəlmir.
“Əgər bu modeli Ermənistanın siyasətinə tətbiq etsək, görərik ki, biz rasional aktor kimi çıxış etmirik. Bizim addımlarımız təhdidlərin neytrallaşdırılmasına yönəlməyib. Necə ola bilər ki, rəqibinə dəhliz verəsən və bunu təhlükənin aradan qaldırılması kimi təqdim edəsən? Sərhəddə atəş açılmaması hələ təhdidin yox olması demək deyil. Bu, neqativ sülhdür”, - deyə Hovhannisyan qeyd edib.
Erməni politoloq beynəlxalq münasibətlərdə dövlətlərin yalnız öz maraqlarına əsaslandığını vurğulayıb.
“Əgər dövlətlərin maraqları üst-üstə düşürsə, onlar hətta heç bir müqavilə imzalamadan da təhlükəsizlik risklərini aradan qaldıra bilərlər. Əksinə, müxtəlif hüquqi sənədlər mövcud olsa belə, əgər bu, dövlətlərin maraqlarına uyğun deyilsə, həmin sənədlər təhlükələrin qarşısını ala bilməyəcək”, - deyə Hovhannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az