Rus KİV-i: Zəngəzur dəhlizi layihəsi də paralel şəkildə irəliləyir

2026/06/1780983538.jpg
Oxunub: 267     16:39     09 İyun 2026    
“Ankara Yaxın Şərqdə baş verən son hadisələrdən istifadə edərək Türkiyənin regional logistika və nəqliyyat mərkəzi kimi rolunu gücləndirməyə çalışır. Bu məqsədlə həm tarixi, həm də yeni transsərhəd nəqliyyat layihələrinin həyata keçirilməsi sürətləndirilib”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Fondsk.ru” nəşri yazıb.

Nəşrin qeyd etdiyi kimi, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu tarixi Hicaz dəmir yolunun yenidən qurulacağını və gələcəkdə onun Oman Sultanlığına qədər uzadılmasının planlaşdırıldığını açıqlayıb.

“Türkiyə rəhbərliyi bu marşrut vasitəsilə Hörmüz boğazından yan keçən alternativ qlobal ticarət xətti yaratmaq niyyətindədir. Layihənin ilkin mərhələsində Türkiyənin Suriyanın şimalı ilə birləşdirilməsi və Hələb-Dəməşq-İordaniya xəttindən istifadə nəzərdə tutulur”, - deyə nəşr yazıb.


Məqalədə bildirilir ki, Ankara eyni zamanda Səudiyyə Ərəbistanı ilə fəal danışıqlar aparır və dəmir yolunu Omanadək uzatmaq istəyir.

“2026-cı ilin may ayının ilk yarısında Ankara, Dəməşq və Əmman Hicaz dəmir yolunun bərpası prosesini sürətləndiriblər. Layihə Türkiyənin cənub-şərq vilayətlərini tarixi Levant əraziləri vasitəsilə İordaniya və daha sonra Ərəbistan yarımadası ilə birləşdirməyi nəzərdə tutur”, - deyə nəşr vurğulayıb.


Müəllif qeyd edir ki, layihəyə yeni təkan 2026-cı il aprelin 7-də Əmmanda nəqliyyat sahəsində əməkdaşlığa dair üçtərəfli hökumətlərarası memorandumun imzalanmasından sonra verilib.

“Memorandumun əsas ideyası Osmanlı imperiyası dövründə yaradılmış tarixi Hicaz magistralının bərpası əsasında inteqrasiya olunmuş nəqliyyat dəhlizinin formalaşdırılmasıdır. Sənəd imzalandıqdan iki həftə sonra Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Casir dəmir yolunun texniki araşdırmalarının cari ilin sonunadək tamamlanacağını açıqlayıb. Türkiyə, İordaniya və Suriya ərazisindən keçəcək marşrut Səudiyyə Ərəbistanını Türkiyə ilə birləşdirməlidir”, - deyə nəşr onun sözlərini sitat gətirib.

Məqalədə türk ekspertlərinin layihəni Osmanlı irsinin davamı kimi qiymətləndirdikləri də vurğulanıb.

“Fondsk.ru” yazır ki, yeni Hicaz xətti saatda 150-200 kilometr sürətlə hərəkət edən qatarlar üçün nəzərdə tutulur və həm yük, həm də sərnişin daşımalarında istifadə olunacaq.

“Xətt dini turizm marşrutlarının inkişafına da xidmət edə bilər”, - nəşr bildirib.

Məqalədə İstanbul Universitetinin dosenti Ali Özgür Karagülün fikirlərinə də geniş yer verilib.

“Qlobal koordinatlar sistemində artıq vahid dünya ticarət marşrutunun mövcudluğu mümkün deyil. Buna görə də ən çox tələb olunan yerli nəqliyyat dəhlizləri və regional ticarət yolları olacaq”, - deyə Karagül bildirib.

Nəşrin məlumatına görə, Türkiyə paralel olaraq “İnkişaf yolu” adlandırılan digər iri layihə üzərində də işləyir.

“Uzunluğu 1200 kilometr olacaq marşrut İraqın cənubundakı Bəsrə limanını Türkiyə və daha sonra Avropa ilə birləşdirməlidir. Layihəyə avtomobil yolları, dəmir yolları, enerji və optik-lif xətləri daxildir. Onun maliyyələşdirilməsinə beynəlxalq maliyyə institutları, eləcə də BƏƏ və Qətərin dəstək verməsi gözlənilir”, - deyə nəşr yazıb.


Məqalədə Türkiyə-Ermənistan nəqliyyat əlaqələrinə də toxunulub.

“May ayının ortalarında Qarsda keçirilən birgə işçi qrupunun iclasında tərəflər Gümrü-Axurik-Doğukapı-Qars dəmir yolu hissəsinin mümkün qədər tez istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Kommunikeyə əsasən, bu xətt yalnız iki ölkə arasında daimi əlaqə yaratmayacaq, həm də Rusiyanı yan keçərək Asiya ilə Avropanı birləşdirən Transxəzər marşrutunun tərkib hissəsinə çevriləcək”, - nəşr qeyd edib.

Məqalədə Ermənistan-Türkiyə sərhədinin açılmasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacağı da xatırladılıb.

“Bakıda hesab edirlər ki, belə bir sənədin imzalanması üçün Ermənistanda konstitusiya referendumu keçirilməlidir və bunun üçün parlament çoxluğunun üçdə iki hissəsinin dəstəyi lazımdır”, - deyə nəşr bildirib.

“Fondsk.ru” Bakı-Tbilisi-Qars dəmir yoluna da xüsusi diqqət ayırıb.


“2026-cı il iyunun 2-də Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin mühüm komponenti kimi rəsmi istifadəyə verilib. Ermənistanın da bu layihəyə qoşulması təklif olunub. Lakin illik 5 milyon ton daşıma qabiliyyəti nəzərdə tutulsa da, sınaq istismarı dövründə xətt üzrə cəmi 1,8 milyon ton yük daşınıb”, - məqalədə qeyd olunub.

Müəllifin fikrincə, Zəngəzur dəhlizi layihəsi də paralel şəkildə irəliləyir.

“Müsabiqənin nəticələrinə əsasən marşrutun Türkiyə hissəsində tikinti işlərinə artıq başlanılıb. Söhbət Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttindən gedir. Azərbaycan hissəsində işlər demək olar ki, yekunlaşır. İndi əsas məsələ Ermənistan ərazisindən keçəcək 41-43 kilometrlik Zəngəzur keçididir”, - deyə nəşr Abdulkadir Uraloğlunun sözlərini sitat gətirib.


Məqalənin sonunda vurğulanır ki, Gümrü-Qars dəmir yolu xəttinin yenidən açılması böyük ölçüdə Rusiyanın mövqeyindən asılıdır.

“2008-ci il konsessiya müqaviləsinə əsasən Ermənistanın dəmir yolu infrastrukturu 2038-ci ilə qədər “Rusiya Dəmir Yolları” şirkətinin idarəçiliyində qalır. Buna görə də layihənin reallaşmasında Moskvanın rolu həlledici amillərdən biri olaraq qalır”, - deyə müəllif sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Dəhliz   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin