Ordu.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Nümayəndələr Palatasının spikeri Eysuke Mori bildirib ki, 13 siyasi partiya və parlament qrupunun görüşündə onlardan yeddisi qanuna dəyişiklikləri dəstəkləyib. Onların arasında baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası (LDP) da var. "Kyodo News" qeyd edib ki, yalnız bəzi kiçik müxalifət qüvvələri layihənin əleyhinə çıxış edir.
İmperator evi haqqında qüvvədə olan qanuna əsasən, taxt-tacı yalnız ata xəttində imperator olan kişi miras ala bilər. Qadınlar nikaha daxil olduqdan sonra öz imperator statusunu itirirlər. 66 yaşlı imperator Naruhitonun üç varisi var: onun kiçik qardaşı, vəliəhd şahzadə Fumihito (60 yaş), qardaşı oğlu şahzadə Hisahito (19 yaş) və əmisi şahzadə Hitaçi (90 yaş).
Təklif olunan iki əsas dəyişiklik qadınlara nikaha daxil olduqdan sonra imperator statusunu qoruyub saxlamağa imkan tanıyacaq, həmçinin imperator ailəsinə 11 keçmiş ailə qolundan olan kişiləri övladlığa götürməyə icazə verəcək. Layihə həmçinin qadınların nikaha daxil olduqdan sonra statuslarını saxlamaq və ya ondan imtina etmək istəklərinin nəzərə alınmasını nəzərdə tutur. Eyni zamanda, onların ərlərinin və uşaqlarının imperator ailəsinin üzvü statusu alıb-almayacağı məlum deyil.
LDP qanun layihəsini təkmilləşdirmək və iyunun 10-na təyin edilmiş növbəti iclasda təqdim etmək niyyətindədir. Sənədin cari parlament sessiyasının sonuna qədər (iyulun 17-də başa çatacaq) qəbul ediləcəyi gözlənilir.
Ordu.az