“Past”: Ermənistanda seçki hüququ olan vətəndaşların sayı niyə azalıb?

2026/06/1780982125.jpg
Oxunub: 228     09:25     09 İyun 2026    
Ermənistanda keçirilən parlament seçkilərindən sonra diqqət çəkən məqamlardan biri də seçki hüququna malik vətəndaşların sayında müşahidə olunan azalma olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Seçki hüququ olan vətəndaşların sayı niyə azalıb?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, seçkiqabağı və seçkidən sonrakı hadisələrin fonunda maraqlı bir statistika diqqətdən kənarda qalıb. Söhbət seçki hüququ olan vətəndaşların sayından gedir.

“Baxın, 2005-ci ildə seçicilərin sayı 2 milyon 317 min 162 nəfər olub, 2008-ci ildə 2 milyon 390 min, 2012-ci ildə 2 milyon 501 min 597, 2017-ci ildə 2 milyon 585 min 134, 2018-ci ildə isə 2 milyon 591 min 276 nəfər təşkil edib. Görmək çətin deyil ki, 2005-2018-ci illər arasında seçicilərin sayı əhalinin təbii artımına uyğun şəkildə davamlı olaraq artıb”, - deyə qəzet yazıb.

Məqalədə vurğulanır ki, sonrakı dövrdə vəziyyət dəyişib.

“Artıq 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri zamanı seçici siyahılarında 2018-ci illə müqayisədə cəmi bir neçə min nəfər çox idi. Lakin 2026-cı ildə, yəni bu seçkilərdə rəsmi olaraq 2 milyon 503 min 981 seçicinin olduğu elan edildi. Bu isə beş il əvvəlki göstəricidən təxminən 90 min nəfər azdır”, - deyə nəşr bildirib.

“Past” qeyd edir ki, bu statistika daha çox diqqət çəkir, çünki müharibə və koronavirus pandemiyası 2021-ci ildən əvvəl, 2020-ci ildə baş verib.

“Bundan əlavə, minlərlə Qarabağdan (könüllü-red.) köç etmiş şəxs Ermənistan vətəndaşlığı alıb və seçici siyahılarına daxil edilib. Bu faktı da nəzərə aldıqda aydın olur ki, 2021-ci illə müqayisədə qeydiyyatda olan seçicilərin sayı çox ciddi şəkildə azalıb”, - deyə məqalədə vurğulanıb.

Nəşrin hesablamalarına görə, Nikol Paşinyanın hakimiyyətdə olduğu son beş il ərzində Ermənistanda seçki hüququna malik vətəndaşların sayı təxminən 100 min nəfər azalıb.

“Bu, son dərəcə ciddi göstəricidir. Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyası daim bildirirlər ki, ölkədə miqrasiya yoxdur. Bəs necə yoxdur ki, seçicilərin sayı təxminən 100 min nəfər azalıb? Axı ya insanlar vətəndaşlıqdan imtina ediblər, ya da ölkədən köçərək qeydiyyatdan çıxıblar.

Bu statistika cəmiyyətin Paşinyan hakimiyyətinə və onun idarəçiliyinin nəticələrinə münasibətini göstərən özünəməxsus göstərici kimi də qiymətləndirilə bilər. Bütün bunlar insanların Paşinyan hakimiyyətinə və onun idarəçiliyinin nəticələrinə əslində necə yanaşdığını göstərən özünəməxsus “barometr” deyilmi?”, - deyə nəşr yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin