Dünyanın ən böyük aviaşirkətləri Yaxın Şərqdəki münaqişə səbəbindən Dubaya uçuşları ləğv edir

2026/04/1777044381.jpg
Oxunub: 250     09:09     09 İyun 2026    
Dubaya və əks istiqamətdə uçuş planlaşdıran sərnişinlər cədvəllərdə genişmiqyaslı dəyişikliklərlə üzləşiblər.

Ordu.az xəbər verir ki, bu barədə “Gulf News” nəşri məlumat yayıb.

Məlumata görə, bir sıra aparıcı beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə davam edən gərginlik səbəbindən uçuşları dayandırmaq, ləğv etmək və ya bərpa tarixlərini təxirə salmaq qərarı qəbul edib.

2026-cı il fevralın 28-də münaqişənin kəskinləşməsindən sonra başlayan aviasiya məhdudiyyətləri Avropa, Şimali Amerika və Asiya daşıyıcılarına da təsir göstərib. Dubaya bəzi marşrutlar üzrə uçuşlar avqust, sentyabr aylarına və ya yay mövsümünün sonuna qədər dayandırılıb. Təsdiqlənmiş bronu olan sərnişinlərə hava limanına yollanmamışdan əvvəl aviaşirkətlərin sayt və tətbiqlərində uçuş statusunu yoxlamaq tövsiyə olunur.

“Aegean Airlines” Dubaya və əks istiqamətdə uçuşları avqustun 31-dək ləğv edib. “Air Canada” Dubay və Təl-Əviv istiqamətlərinə uçuşları sentyabrın 7-dək dayandırıb. “Cathay Pacific” Dubay və Ər-Riyad istiqamətlərində uçuşları avqustun 31-dək dondurub.

“Singapore Airlines” Sinqapur-Dubay marşrutu üzrə uçuşların dayandırılmasını avqustun 2-dək uzadıb. “British Airways” isə Dubay, Təl-Əviv, Bəhreyn və Əmman istiqamətlərində uçuşların bərpasını yay mövsümünün sonuna, yəni oktyabrın 25-nə qədər təxirə salıb.

“Virgin Atlantic” Londondan Dubaya uçuş proqramını regiondakı son eskalasiya ilə əlaqələndirərək vaxtından əvvəl başa çatdırıb.

Avropa daşıyıcıları Yaxın Şərqdəki risklər səbəbindən regiondakı fəaliyyətlərini məhdudlaşdırmağa məcbur olublar. “Air France” Dubay və Beyrut istiqamətlərinə uçuşları iyunun 17-dək tam dayandırıb. KLM Dubaya uçuşları avqustun 2-dək, Ər-Riyad və Dammam istiqamətlərini isə iyulun 12-dək dayandırıb.

“Lufthansa”, SWISS və “ITA Airways” Dubaya uçuşların dayandırılmasını sentyabrın 13-dək uzadıb. “Lufthansa Group”a daxil olan “Lufthansa”, SWISS, “Austrian Airlines” və “Brussels Airlines” isə Əbu-Dabi, Əmman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Məsqət və Tehran istiqamətlərinə uçuşları oktyabrın 24-dək ləğv edib.

“Eurowings” Dubay, Əbu-Dabi və Əmman istiqamətlərinə uçuşları oktyabrın 24-dək dayandırıb. “Wizz Air” isə materik Avropasından Dubay, Əbu-Dabi və Əmman istiqamətlərinə bütün uçuşları sentyabrın ortalarınadək dayandırıb, Mədinəyə uçuşları isə qeyri-müəyyən müddətə ləğv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Münaqişə   Dubay  


Bizi "telegram"da izləyin