ABŞ Donanmasında ciddi gecikmələr: gəmi inşası böhranı dərinləşir

2025/10/1759574918.jpg
Oxunub: 290     16:47     09 İyun 2026    
ABŞ donanması gəmi tikintisində gecikmələr, yenidən təchizat və texniki qulluq işlərinin planlaşdırılandan daha uzun çəkməsi, həmçinin amfibiya hücum gəmilərində etibarlılıq problemləri kimi ciddi problemlərlə üzləşir.

Ordu.az xəbər verir ki, ABŞ donanmasının gələcəkdə istismara verəcəyi USS “John F. Kennedy” (CVN-79) iki il gecikir və ikinci “Gerald R. Ford” sinfinə məxsus nüvə enerjisi ilə işləyən superdaşıyıcının ən tez 2027-ci ilin martında donanmaya qoşulacağı gözlənilir.

Növbəti “Ford”sinfinə məxsus gəmi, gələcək USS “Enterprise” (CVN-80) isə əvvəlcə 2029-cu ilin sentyabrında təhvil veriləcəkdi, lakin bu tarix 2030-cu ilin iyuluna təxirə salınıb.

CVN-79 ilə bağlı gecikmələrin çoxu istehsalı dayandıran və sonradan təchizat zəncirində problemlərə səbəb olan qlobal COVID-19 pandemiyasının nəticəsidir. Digər problemlər isə gəmidəki iki kritik sistem olan “Advanced Arresting Gear” (aerofiniş sistemi) və “Advanced Weapons Elevator” (müasir silah liftləri) ilə bağlı texniki qüsurların aradan qaldırılmasıdır.

Nüvə enerjisi ilə işləyən superdaşıyıcılar gecikmələrlə üzləşən yeganə ABŞ donanması gəmiləri deyil.

Müdafiə Nazirliyinin (DoD) 2026-cı maliyyə ili (FY26) üçün açıqladığı büdcə sənədlərinə görə, gələcək USS “Bougainville” (LHA-8) və gələcək USS “Fallujah” (LHA-9) olmaqla, iki yeni “America” sinfinə məxsus amfibiya hücum gəmisi də artıq bir il gecikir.

Məlumatda qeyd olunur ki, Missisipidəki Paskaqula şəhərində HII-nin “Ingalls Shipbuilding” zavodunda işçi çatışmazlığı davam edir və bu da “gəmiqayırma əmək problemləri” yaradır. LHA-9-un indi 2029-cu ilin sentyabrı əvəzinə 2030-cu ilin sentyabrında təhvil veriləcəyi proqnozlaşdırılır.

ABŞ donanmasının nümayəndəsi “USNI News”a açıqlamasında bildirib: “Donanma və “HII-Ingalls” fasiləsiz olaraq çalışır ki, “Bougainville” və “Fallujah” döyüşçülərimizin ehtiyac duyduğu bütün imkanlarla mümkün qədər tez təhvil verilsin”.

Ən son ABŞ donanmasına təhvil verilən amfibiya hücum gəmisi, “America” sinfinə məxsus USS “Tripoli” (LHA-7) də bir neçə aylıq gecikmələrlə üzləşmişdi.

ABŞ Donanmasının “Flattop” (daşıyıcı) Gəmiləri Çox Azdır

Bu gecikmələr ABŞ donanmasının qlobal miqyasda güc nümayiş etdirmə qabiliyyətinə təsir göstərə bilər, xüsusilə də ən köhnə nüvə enerjisi ilə işləyən superdaşıyıcı USS “Nimitz” (CVN-68) gələn il “təqaüdə çıxmağa” hazırlaşır. Beləliklə, ABŞ donanmasının xidmətdə olan daşıyıcılarının sayı 11 deyil, 10 olacaq. Problemi daha da ağırlaşdıran digər məqam isə USS “John C. Stennis” (CVN-74) gəmisinin “Refueling and Complex Overhaul” (RCOH – yanacaq doldurma və kompleks təmir) işlərinin gecikməsidir.

USS “John C. Stennis” üzərindəki işlər 2025-ci ilin avqustunda başa çatmalı idi, lakin indi 2026-cı ilin sonunadək davam edə bilər. Ondan sonra gəmi yenidən ABŞ donanmasına qaytarılacaq. Bundan əlavə, USS “Harry S. Truman” (CVN-75) da növbəti RCOH prosesindən keçəcək və bu müddətdə illərlə istifadədən kənarda qalacaq.

Amma vəziyyət daha pis ola bilərdi.

2019-cu ildə ABŞ donanması CVN-75-i onilliklər əvvəl vaxtından “təqaüdə çıxarmağı” və bununla da 25 il ərzində 30 milyard dollar qənaət etməyi planlaşdırmışdı. Bu addım nüvə enerjisi ilə işləyən superdaşıyıcıların sayını 10-a endirəcəkdi. Lakin Konqresdəki qanunvericilər bu plana kəskin şəkildə qarşı çıxdılar və ovaxtkı prezident Donald Tramp həmin qərarı blokladı. İndi donanmanın yenə də 10 daşıyıcısı olacaq, lakin qənaət olmadan.

ABŞ Donanması Amfibiya Hücum Gəmilərində Çatışmazlıqla Üzləşir

Donanmanın xidmətdə olan amfibiya hücum gəmilərinin sayı da azalıb. 2020-ci ilin iyulunda San-Dieqoda təmirdə olan USS “Bonhomme Richard” (LHD-6) gəmisi dəhşətli yanğına məruz qalıb. Hadisə nəticəsində 2 milyard dollar ziyan dəyib, ABŞ donanması gəmiyə “təqaüd vermək” və utilizasiya etmək qərarına gəlib.

USS “Wasp” (LHD-1) bu ilin martında Norfolkda “BAE Systems Ship Repair” müəssisəsində texniki qulluq və modernizasiya işlərinə başlayıb və ən tez 2026-cı ilin fevralında yenidən xidmətə qayıdacaq. Bundan əlavə, USS “Bataan” (LHD-5) ötən ilin noyabrında quru doka yerləşdirilib və təmir işlərinin 2026-cı ilin mayına qədər tamamlanması planlaşdırılır.

Məsələ yalnız xidmətdə olan gəmilərin sayı ilə bağlı deyil, həm də onların lazım olan vaxt döyüşə çıxmaq imkanları ilə bağlıdır. Hesabat Palatasının (GAO) ötən ilin dekabrında yayımladığı məruzədə bildirilib ki, ABŞ donanmasının amfibiya hücum gəmilərinin döyüş hazırlığı göstəricisi 46 faizdir, bu da tələb olunan 50 faizdən aşağıdır.

Problemi daha da dərinləşdirən isə üçüncü “Wasp” sinfinə məxsus gəminin də texniki nasazlıq səbəbilə xidmət kənarında qala bilməsidir. 2024-cü ilin aprelində USS “Boxer” (LHD-4) sükanla bağlı mühəndislik problemi yaşayıb və səfərə çıxandan qısa müddət sonra təmir üçün San-Dieqoya qayıtmaq məcburiyyətində qalıb. 843 fut uzunluğundakı gəmi həmin vaxt xidmət dövründən daha çox müddəti təmirdə keçirmişdi. Gəmi ötən ilin iyulunda yenidən istismara qaytarılsa da, bu yalnız müvəqqəti həll idi və gəmi yaxın gələcəkdə daha ciddi təmirə ehtiyac duyacaq.

Ümumilikdə götürdükdə, ABŞ donanmasının “flattop” gəmiləri ilə bağlı həll etməli olduğu ciddi problemləri var. Gəmi inşası gecikir, yenidən təchizat və texniki qulluq işləri planlaşdırılandan uzun çəkir, amfibiya hücum gəmilərinin etibarlılığı isə hələ də böyük narahatlıq doğurur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma   Gəmi  


Bizi "telegram"da izləyin