Təbii ki, “lokal” xarakter haqqında bəyanatların təbliğat məqsədli olması anlaşılandır, fakt isə budur ki, İsrail Livan ərazisinə daxil olub. Əlbəttə, bu, birinci dəfə deyil, amma indiki proseslər təbii ki, tamam başqa məntiqlə diktə olunur. Bunlar artıq hibrid dünya müharibəsi çərçivəsində genişlənir. İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin Yaxın Şərqdəki status-kvonu dəyişdirdiyini açıqlayıb.
Təbii ki, bu, bir qədər yüksək ifadədir, lakin İsrail həqiqətən də Yaxın Şərqdə status-kvonun dəyişdirilməsi proseslərində öz rolunu oynamağa, yeni regional status-kvonun formalaşmasında “hesabı bağlayanlardan biri” deyil, səhmdarlardan biri olmağa çalışır. Zaman da kifayət qədər dəqiq seçilib: ABŞ prezident seçikləri. Ağ Ev hazırda Yaxın Şərqdə böyük müharibədə maraqlı deyil, habelə İsraillə gərginlikdə maraqlı deyil və bu da öz növbəsində demokratların namizədi üçün seçkiqabağı gərginlik yarada bilər.
Yumşaq desək, ABŞ-də prezidentliyə hər hansı namizəd seçkiqabağı dövrdə, özü də son dönəmdə yəhudi lobbisi ilə problem yaşamaq istəmir. Lakin digər tərəfdən, İsrailin Yaxın Şərqdəki status-kvo mərci ilə hesablaması İranı tam “özündən çıxara” bilməsə, özünü sübut edə bilərmi? Netanyahu nə etməlidir, Livanı tam ələ keçirməlidir? Şübhə yoxdur ki, o bununla yalnız özünü daha çətin vəziyyətə salacaq.
Bir il davam edən müharibədə Qəzzanı demək olar yerlə-yeksan edən İsrail HƏMAS-ı məhv edə bildiyi halda, “Hizbullah” halında bunu söyləmək tez olardı. “Hizbullah” daha böyük və şəbəkələşmiş bir qurumdur. Buna görə də Livan hesablaması İranı bütövlükdə kökündən qoparmağa müvəffəq olsa, özünü doğrulda bilər. Lakin bu baxımdan İsrailin imkanları sonsuz deyil və çətin ki, Təl-Əviv hesablamadan macəraya başlasın.
Eyni zamanda İran bəyan edib ki, İsrailin mümkün hədəfində olan ölkələr özlərini müdafiə edə bilərlər, ona görə də İranın xüsusi müdaxiləsinə ehtiyac yoxdur. Yəni Tehran Təl-Əvivin hesablamasına haqq qazandırmamaq, proksi müqavimət rejiminin davam etdirilməsinə üstünlük vermək, eyni zamanda da qaldırılan mərc kontekstində Yaxın Şərq oyununda olan digər güc mərkəzləri ilə sövdələşməni davam etdirmək məntiqini rəhbər tutur.
Bu mənada ABŞ prezident seçkilərinin nəticəsi məlum olmayana qədər önümüzdəki ay vəziyyətin məntiqində ciddi dəyişiklik gətirməyəcək.
Asif Cəfərov
Ordu.az