Azərbaycan vasitəsilə tranzit Avropanın nüvə enerjisi üçün açar faktordur - "La Gazette du Caucase"

2024/10/1727865238.jpg
Oxunub: 517     14:24     02 Oktyabr 2024    
Azərbaycandan keçən Orta Dəhliz üzrə tranzit Avropanın nüvə enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” onlayn-nəşrinin məqaləsində deyilir.

"Avropa İttifaqında ən böyük nüvə gücünə malik ölkə Fransadır. Fransa təbii uran istehsalçısı olmadığı üçün onu idxal etmək məcburiyyətində qalır. Son zamanlar Fransa bu uranı 4 ölkədən - Niger, Qazaxıstan, Özbəkistan və Avstraliyadan idxal edib. Fransa və digər Aİ ölkələri yeni ixrac marşrutları axtarır və onlardan biri Azərbaycanın üzərindən keçir.

Bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz Fransa və Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsb edir. Bu marşrutla Qazaxıstandan uran birbaşa Azərbaycan və Gürcüstandan, ya da Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Aİ və Fransaya ixrac edilə bilər", - məqalədə vurğulanır.

Materialın müəllifləri qeyd edirlər ki, Fransa uran idxalının mənbələrini və tranzit ölkələrini şaxələndirməyə davam edərkən, Azərbaycan üzərindən keçən tranzit artıq sınaqdan çıxıb və daha da inkişaf etdirilə biləcək ən əlverişli həll yoludur.

Məqalədə Qərb ölkələrinin idxal marşrutlarını məhz Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan keçirməyə maraqlı olmalarının vacibliyi vurğulanır.

"Əks halda, mövcud geosiyasi şəraitdə Qərbin uran və nüvə yanacağı məsələlərində Çin və Rusiyadan asılılığı artmaqda davam edəcək. Bu da növbəti onilliklərdə Qərb ölkələrinin enerji tədarükü ilə bağlı təhdidlərlə üzləşəcəyi anlamına gəlir", - məqalənin sonunda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Avropa  


Bizi "telegram"da izləyin