“Deftech”: “Azərbaycan üçün çox unikal gövdəli böyük bir PUA hazırlanıb, SATCOM ilə işləmək qabiliyyəti var” – MÜSAHİBƏ (ÖZƏL)

2024/10/42-27644508864.jpg
Oxunub: 1485     14:34     02 Oktyabr 2024    
“Böyük pilotsuz təyyarəmiz kəşfiyyat təyyarəsidir, altında da kamikadze PUA-larını daşıya bilir. Bu təyyarə havaya qalxır, kəşfiyyat aparır, hədəfi aşkarladıqda, hədəfin koordinatlarını götürür, istiqamətini müətyyənləşdirir və “vur” komandası verildikdən sonra gövdənin altında daşınan kamikadze PUA-sı buraxılır. Kamikadze PUA-sı buraxıldıqdan sonra təyin olunan hədəfə doğru şığımağa başlayır. Bu, kəşfiyyat aparan və zərbə endirən PUA-dır. Yaratdığımız kamikadze PUA-ları onun altında faydalı yük kimi daşınır”.

“Deyərdim ki, Azərbaycan üçün də çox unikal gövdəli böyük bir PUA hazırlanıb. Bunların hər ikisini SATCOM ilə işləmək imkanları üçün dizayn etmişik. Yəni bu 2 PUA birbaşa “Satellite communications datalink”i (SATCOM) öz üzərinə götürə bilər. Yetər ki, ondan istifadə edən dövlətin xüsusi olaraq ayrılan şəbəkə kanalı təmin edilsin”.

“Deftech” şirkətinin təsisçilərindən biri, həmtəsisçisi Anar İsgəndərovun Ordu.az-a eksklüziv müsahibəsini təqdim edirik:


- Salam Anar bəy, sonuncu dəfə TEKNOFEST sərgisində görüşmüşdük. Bu il, şirkətiniz ADEX-2024 sərgisində çoxçeşidli məhsullarla çıxış edir. İlk öncə oxucularımıza şirkətiniz haqqında məlumat verməyinizi xahiş edirik.

- Şirkətimiz 100 faiz olaraq yerli şirkətdir. Azərbaycanda qeydiyyatdan keçmişik, bizim bütün təsisçi və personallarımız Azərbaycan vətəndaşlarından ibarətdir. Artıq 3-cü ildir ki, fəaliyyət göstəririk. 3 il öncə təsis edilikdən sonra Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq etməyə başlamışıq. Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində fəaliyyət göstərən təcrübi sınaq zavodu var.


Həmin zavodda bizə yer ayrılıb. Bizə administrativ dəstək olublar və yerlər ayrıraraq, şirkətimizin fəaliyyət göstərməsinə icazə veriblər. 3 illik əməkdaşlığımızın nəticəsi olaraq şirkətimizin dünyada baş verən proseslər, müharibələr, eləcə də Qarabağ müharibəsi ilə bağlı Pilotsuz Uçuş Aparatlarının (PUA) gələcəkdə tətbiqi sahəsində yeni bir konsepsiya ərsəyə gətirmişik. Biz gələcəkdə təkcə PUA satışı ilə məşğul olan şirkət olmayacağıq. Sərgidə gördüyünüz bütün məhsulların bir-biri ilə inteqrasiyası baş verir.

Bu məhsullar döyüş zamanı kəşfiyyatın aparılması, hədəfin aşkarlanması, koordinatların götürülməsi və zərbə endirməklə, həmin hədəflərin aradan qaldırılması funksiyalarını yerinə yetirir. Biri var, təkcə kamikadze tipli PUA istehsal edir və satırsınız, biri də var, ilk öncə bu PUA-nı yönləndirdiyiniz yerin kəşfiyyat məlumatlarını əldə edirsiniz. Bu, önəmli və vacibdir.

- Burada şəbəkə mərkəzli döyüş qabiliyyətindən söhbət gedir?

- Bəli, bizim özümüzün şəbəkəmiz var. PUA-larımızı həmin şəbəkə daxildə işləyir. Səgirdə gördüyünüz kimi, biz hətta kvadrokopter tipli PUA da nümayiş etdiririk. Kvadrokopter tipli PUA bu gün yenilik deyil. Hər kəs onu hazırlayır, ancaq biz kvadrokopter tipli PUA-mızla şəbəkə sistemimizə yenilik gətirmişik. Onlar kabel üzərindən həm qidalanmanı alır, həm də datanı transformasiya edə bilir. Kabel üzərində olmağı sayəsində radioelektron mübarizələrdə qarışdırmanın qarşısını ala bilir. Həmin PUA-ların üzərinə biz öz rele sistemlərimizi asaraq, onlarla vahid bir şəbəkə aça, istənilən ərazidə 100 metr hündürlükdə 150 kilometr daxilində öz şəbəkəmizi havadan qura bilirik.



Bütün PUA-larımız həmin şəbəkə daxilində bir-biri ilə inteqrasiya olunmuş şəkildə və bir-biri ilə əlaqədə olaraq, öz protokolu əsasında işləməyə başlayır. Əlbəttə, bütün PUA-ları GPS qarışdırmasına qarşı cihazlarla da təchiz edirik. Bu sahədə Türkiyənin aparıcı şirkətlərindən biri olan TUALCOM ilə də işləyirik və onlarla müqaviləmiz var. TUALCOM şirkətinin qarışdırmalara qarşı veriyi radioelektron həllərdən “Baykar” texnologiyalarında istifadə edilir. TUALCOM ASELSAN və HAVELSAN şirkətləri ilə də işləyir. Qeyd olunan həllər ASELSAN və HAVELSAN şirkətləri tərəfindən də istifadə edilir.


Biz də öz PUA-larımızı həmin cihazlarla təchiz edirik. PUA-larımızın xüsusiyyətlərinə gəlincə, qeyd edim ki, PUA-larımız tandem qanadlara malikdir. Ümumiyyətlə, tək qanadla işimiz yoxdur. İstehsal etdiyimiz PUA-ları tandem qanadları ilə təchiz edirik. Onların üzərində özümüz hesabatlar aparmışıq, ərsəyə gətirmişik, hər biri 6 prototipdən keçib və uçuşlar zamanı təkmilləşdirərək, xüsusi profillərini əldə etmişik. Bundan əlavə, bizdə dəzgahlar qurulub. Bütün layihələşdirməni özümüz aparırıq.


PUA-ların uçuş xarakteristikalarını, təyinatını verə, hesabatlarını apara, prototiplərini yarada, onları sınaqdan keçirə və daha sonra onlara uyğun qəliblər hazırlaya bilirik. Qəliblər üçün xammal olaraq alüminium alınır. Avadanlıqlarımızda həmin qəliblərdən lazım olan formaları çıxara bilik. Kompozit üzrə ipləri, yapışqanları və digər materialları alırıq. Onlardan özümüz həmin kompozit materiallarını hazırlaya bilirik. Bunu üçün bizim xüsusi formalarımız var. Pres formalarımız, qızdırıcı sobalarımız var. Nəticədə tam kompozitdən Azərbaycanda yerli hesablanmış, əsrəyə gətirilmiş layihələri həyata keçiririk.


Tandem qanadları havada manevr etməyə çox böyük kömək edir. Hal-hazırda apardığımız sınaqlar onu göstərir ki, 90 dərəcə kritik əyilmələrdə bütün PUA-ları çox stabil şəkildə havada saxlaya bilirik. Onları video ilə monitorlarda göstəririk və siz bunun əyani şahidi ola bilərsiniz. Olduqca manevrlidir. Mən hətta deyərdim ki, 1,5 kq döyüş başlığı daşıya bilən kiçik kamikadze PUA-mızı sınaqlarda 270 km/saat sürətinə çatdıra bilirik.

Hətta Türkiyədən bir çox müraciət edənlər olub. Hər kəsə maraqlı idi ki, bəlkə də videoya sürətlənmə qoyulub. Lakin sonra orijinal videoları açıb baxıqda məlum oldu ki, bu PUA-lar saatda 270 km/saat sürətlə hərəkət edib. Digər özəllik nədir? Dünyada kamikadze PUA-larının bir çox problemləri ortaya çıxır, bu problemlər əsasən şığıma zamanı özünü göstərir. Bir çoxları bəzən spiral şəklində hədəfdən öncə enir, mövqeyini tutur və sonra hərəkət edir. Biz isə 90 dərəcə altında şığıyaraq və tandem qanadlarından birini 30 dərəcə əyərək, havada sanki bir ülgüc formasına gətirə bilirik.


Havanı o qədər yarır ki, şığıma zamanı sürəti 300 km/saata çatdıra bilirik. Bu, oludqca unikaldır və dünya bazarı üçün yenilik olacaq. Həqiqətən də bununla fəxr etmək olar ki, Azərbaycanda yerli şirkət və yerli mütəxəssislər tərəfindən belə PUA ərsəyə gətirilib.

- PUA-nın adlandırılması varmı?


- Şərti adlandırmalarımız var, ancaq hələ ki, adlar üzərində iş gedir. Çünki biri var daxili bazar üçün məhsul satırsınız, biri də var siz bunu xarici bazara təqdim edirsiniz. Təqdim etdiyiniz məhsulda milli adlardan istifadə edirsiniz, bu, yerli bazar üçün gözəl ola bilər, ancaq dünya bazarı üçün marketinq olaraq tam anlaşılmaya bilər. Buna görə də adlar üzərində işləyirik. Ancaq biz bunları şərti olaraq adlandırırıq. Məsələn, kamikadze PUA-sı 1500-dür, çünki 1,5 kq-a qədər döyüş başlığı daşıya bilir, digər kamikadze PUA-sı isə 5000-dir, çünki o, 5 kq-a qədər faydalı yük daşıya bilir. Mühərrik versiyasında 5 kq apara bilirik, bundan əlavə böyük kəşfiyyat PUA-sını daxili yanma mühərriki ilə təchiz etmişik.



Bu PUA həm 5 saaat havada qala bilir, hədəfin üzərində müşahidə apara bilir, həm də 10 kq-a qədər döyüş başlığı daşıya bilir. Beləliklə, kifayət qədər böyük zərbə endirici PUA-ya çevrilir. Hamısı tandem qanadlara sahib olduğu üçün eyni manevrlərdə havada özünü çox səlis apara bilir.

Böyük pilotsuz təyyarəmiz kəşfiyyat təyyarəsidir, altında da kamikadze PUA-larını daşıya bilir. Bu təyyarə havaya qalxır, kəşfiyyat aparır, hədəfi aşkarladıqda, hədəfin koordinatlarını götürür, istiqamətini müətyyənləşdirir və “vur” komandası verildikdən sonra gövdənin altında daşınan kamikadze PUA-sı buraxılır. Kamikadze PUA-sı buraxıldıqdan sonra təyin olunan hədəfə doğru şığımağa başlayır. Bu, kəşfiyyat aparan və zərbə endirən PUA-dır. Yaratdığımız kamikadze PUA-ları onun altında faydalı yük kimi daşınır.


- Bu sistem tamamilə sınaqdan keçirilib və özünü doğruldubmu?

- Bu sistem uçuş olaraq tamamilə sınaqdan keçirilib və hal-hazırda bu PUA-ların vahid şəbəkəmiz altında fəaliyyət göstərməsi istiqamətində işləyirik. Ümumiyyətlə, kamikadze PUA-larının hədəfə alma və şığıma sınaqlarını bitirmişik. Sistematik olaraq da qismən aparılıb. Yer şəraitində, avtopilot üzərində, proqramramlaşdırma üzərində həyata keçirilib. Havaya qaldırma və havadan buraxma sınaqları təxminən 1 aydan sonra başlayacaq. Bunun üçün bizə xüsusi aerodrom ayrılacaq ki, biz gedib, orada, neytral zonada bu sınaqları həyata keçirək.

Kamikadze PUA-larını faydalı yük kimi altında daşıyan kəşfiyyat PUA-mız uçuş-enmə zolağından asılıdır. Çünki o, 10 saatdan çox havada qala və bu faydalı yükləri daşıya bilir.

- Elektro-optik sistemlər özünüzə məxsusdur?


- Xeyr. Belə deyim, dünyada hər kəs hər şeyi düzəltmir. Çünki optik sistemlər, mühərriklər, pərlər və s. hamısı dünya bazarında mövcuddur. Bu sahədə bir neçə şirkətlə işləyirik. Həm Çin, həm İsrail, həm də Türkiyə şirkətləri ilə əməkdaşlıq edirik. Seçimləri də burada edirik. Azərbaycana daha rahat məhsul göndərən, texnologiya ötürən və satan dövlətlərin istehsalçıları ilə əməkdaşlıq qurmuşuq.

- Az öncə sürət barədə danışdınız. Mühərrik sistemi haqqında nə deyə bilərsiniz?

- Mühərriklərə gəlikdə, böyük kəşfiyyat PUA-mızı 4 silindrli daxili yanma mühərriki ilə təchiz etmişik. Onların hamısı injektor sistemi ilə təchiz edilib. Eyni zamanda bu mühərriklərin hamısının havada avtostart imkanları var. Belə ki, hər hansı bir halda mühərrik dayanarsa, onu uzaqdan idarə etmək imkanları var. Onları sınaqdan keçirmişik və çox uğurlu alınıb. Hal-hazırda Türkiyə və Çinin mühərriklərindən istifadə edirik. Kifayət qədər yüksək nəticələr əldə edirik.


- Sərgi çərçivəsində başqa ölkələrdən maraq, müqavilə və ya razılaşma varmı?

- Bəli, çoxdur. Açığı bu qədər olacağını gözləmirdik. Deyərdim ki, bizim stendimiz sərgidə kifayət qədər səs salıb. Gələn hər kəs deyir ki, çox maraqlı məhsullarla, çox maraqlı konsepsiya ilə çıxmısınız. Qeyd edirlər ki, siz təkcə PUA istehsal etmirsiniz, eyni zamanda Azərbaycanın yerli şirkəti olaraq döyüş üçün aparılacaq bir səhnəni öz məhsullarınız içərisində bir şəbəkə daxilində universal seçim kimi təqdim edirsiniz. Kəşfiyyatın aparılması, hədəfin aşkar edilməsi, hədəfi aradan qaldırmaq üçün zərbə endirilməsi böyük şəbəkənin içərisində qarışdırma tipli radioelektron mübarizələrdə kifayət qədər effektiv olur.


Çünki bir çox PUA-ların satışı onların radioelektron idarəetmə sistemi və PUA-nın özündən ibarət olur. Bunların arasında hər hansı bir qarışdırma olanda artıq əlaqə kəsilir. Biz dublikasiyalar edirik, hər bir təyyarə, məhsul həm bir-biri ilə havada əlaqə yaratmaq imkanına sahibdir, həm də bir-birinə rele sistemini aparmaq imkanı mövcudur. Birinin üzərində problem, maneə yaranırsa, digəri çox rahatlıqla onu əvəz edə bilir. Bundan əlavə, GPS qarışdırmasına qarşı bəzi avadanlıqlar almışıq ki, biz onlarla da təchiz edirik. Sizin üçün bir şeyi də açıqlayım ki, Azərbaycanda istehsal olunan bu 2 ədəd kəşfiyyat PUA-sı ölçülərinə görə kifayət qədər böyükdür. Deyərdim ki, Azərbaycan üçün də çox unikal gövdəli böyük bir PUA hazırlanıb. Bunların hər ikisini SATCOM ilə işləmək imkanları üçün dizayn etmişik. Yəni bu 2 PUA birbaşa “Satellite communications datalink”i (SATCOM) öz üzərinə götürə bilər. Yetər ki, ondan istifadə edən dövlətin xüsusi olaraq ayrılan şəbəkə kanalı təmin edilsin. Həmin PUA-lar nəinki radioelektron idarəetmə, eyni zamanda peyklə idarətməyə artıq hazırdır.

- Anar bəy, həqiqətən də çox dəyərli işlər görürsünüz. Şirkətinizə böyük uğurlar arzu edirik. Çox sağ olun. Təşəkkür edirəm.

- Siz sağ olun. Diqqət ayırdığınıza görə mən təşəkkür edirəm.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Deftech   Azərbaycan   PUA  


Bizi "telegram"da izləyin