Məlumdur ki, Şoyqu Suriyanın paytaxtı Dəməşqə səfərindən və Bəşər Əsədlə danışıqlardan sonra Tehrana gedib. Bunu demək çətindir ki, onun Tehrana səfəri planlaşdırılmışdı, yoxsa Dəməşqdəki danışıqlardan sonra buna zərurət yaranıb? Şübhəsiz ki, region geniş mənada intensiv diplomatik-siyasi və hərbi-siyasi səfərlərlə qaynamağa davam edir.
Daha öncə məlum olduğu kimi, ABŞ və Böyük Britaniya kəşfiyyatının yüksək vəzifəli şəxsləri, xüsusən də Türkiyə prezidentinə yaxın olan məşhur Mİ6-nın direktoru Riçard Mur Azərbaycana gəlib. Onun səfərindən sonra Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Bakıya, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı isə Ankaraya gedib.
Fransanın xarici işlər naziri Ermənistana gəlib, onunla danışıqlardan bir neçə saat sonra isə Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi bir günlük səfərlə Tbilisiyə gedib və bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə danışıqlar aparıb. ABŞ dövlət katibi Entoni Blinken əvvəlcə Nikol Paşinyanla, bir neçə gün sonra isə İlham Əliyevlə telefon danışığı aparıb.
Aydındır ki, bu diplomatik, hərbi-siyasi həddən artıq fəallıq təbii olaraq Ermənistan və Azərbaycan arasında mövcud proseslə birbaşa və ya dolayı əlaqəsi olan mühüm gündəmlərlə bağlıdır. Təsir gərginlik yüklərinin yığılması şəklində və ya vəziyyətin idarə edilməsində irəliləyiş şəklində olacaq? Əlbəttə, bu, həm bir, həm də digər halda çoxsaylı amillərlə bağlı olan cavabların sualıdır.
İran Ermənistanın blokadasına hazırlaşır?
Hər bir halda Rusiyanın TASS agentliyinin yaydığı məlumatda bildirilir ki, Şoyqu əvvəlcə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla danışıqlar aparıb, sonra prezident Məsud Pezeşkian tərəfindən qəbul edilib və Moskva ilə Tehran arasında münasibətlərin “daimi, davamlı şəkildə inkişaf edəcəyinə” əmin edib.
TASS İranın IRIB nəşrinə istinad edərək bildirib ki, Şoyqu ünvan sahibinin iranlı həmkarı, yoxsa Pezeşkian olduğunu açıqlamadan “razılaşmalar haqqında hesabatı ötürüb”. Yeri gəlmişkən, Pezeşkian gələn bazar günü Nyu-Yorka yola düşür və orada sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək.
Bir mühüm hal Şoyqunun Tehrana səfəri ilə bağlı çox dar informasiya axınında diqqəti çəkir. “Mehr” agentliyinin məlumatına görə, o, guya Rusiyanın Azərbaycan Respublikası ilə komunikasiyalar və dəhlizlər məsələsində İranın siyasətinə dəstəyini təsdiqləyib. TASS-ın məlumatında bu məsələnin müzakirəsi də vurğulanır, lakin ifadə əhəmiyyətli dərəcədə fərqlidir: “Azərbaycana gedən nəqliyyat marşrutları və dəhlizlər məsələsində İranın mövqeyinə xüsusi diqqət yetirilib”.
Bu başqa cür şərhin səbəbi nədir? Əgər “Mehr”in məlumatı həqiqətə yaxındırsa, o zaman güman etmək lazımdır ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Tehranda Ermənistanın blokadasının saxlanması məsələsini müzakirə edib, çünki Azərbaycan-İran kommunikasiyasının hər iki marşrutu Ermənistan vasitəsilə birləşdirilməyib.
Bir halda iki ölkənin Astarada dəmir yolu əlaqəsi olacaq, ikinci layihənin işə salınacağı təqdirdə Azərbaycan Araz dəhlizi ilə Naxçıvanla birləşdiriləcək. Güman edilir ki, bu, Ermənistan-İran sərhədinə paralel, İran ərazisində inşa ediləcək. TASS-ın məlumatında əslində Azərbaycana gedən nəqliyyat marşrutları və dəhlizlər mövzusu vurğulanır. Maraqlıdır, İran Ermənistanın blokadasına hazırlaşır?
Prosesləri anlamaq üçün bir qədər geri qayıdaq
Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında baş tutan danışıqlardan sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirdi ki, Moskva Zəngəzur dəhlizi ilə bağlı öz yanaşmalarını təqdim edib və Tehranın bu arqumentləri görüb başa düşdüyünə ümid edir.
İran tərəfinin bu dəfə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından bəyanatla ifadə edilən reaksiyasına əsasən, Mariya Zaxarovanın təəssüratları kifayət qədər maraqlıdır. “Irna”nın verdiyi məlumata görə, SEPAH-ın bəyanatının birinci cümləsində deyilir: “Regional güc kimi İran, Səddam Hüseyn rejiminə qarşı müharibədə qələbə də daxil olmaqla, onilliklər ərzində möhkəmliyini sübut edib”.
Buna uyğun olaraq, İran açıq şəkildə nümayiş etdirib ki, heç bir xarici güc, istər siyasi, istərsə də hərbi, bu təsiri zəiflədə bilməz. Burada deyiləcək əsas söz ortaya çıxır: “İranın maraqlarından yan keçərək, regional tarazlığı dəyişməyə yönəlmiş istənilən cəhd qəti müqavimətlə üzləşəcək və ölkə bütün siyasi, strateji məsələlərdə öz maraqlarını müdafiə etməyə davam edəcək”.
Əhmədianın Rusiyaya səfəri ərəfəsində Tehranın parlament nümayəndələri səviyyəsində dedikləri faktiki olaraq təkrarlanırdı, hərçənd mətndə Zəngəzur dəhlizi və Rusiyaya toxunulmaması onu deməyə əsas verir ki, Sankt-Peterburqda Putin də İran tərəfinin əsaslandırmalarını, arqumentlərini görüb və “anlayıb”. Yenə də Rusiya-İran dialoqu “Mən niyə bilmədim, sən necə bilmədin” vəziyyətinə çox oxşayır. Moskva yalnız vaxtı uzadır, BRİKS sammiti çərçivəsində Putin-Pezeşkian danışıqlarını gözləyir.
Faktiki olaraq, Rusiya otuz ildən artıqdır Ermənistanın İranla sərhədini qoruyur və İranın dəmir yolunun işə salınmasının Avropaya “pəncərəsi”ni bağlayacağını, Ermənistanla fiziki əlaqəni kəsəcəyini söyləməsi qeyri-adidir.
Görünür, Rusiya İranı əmin edir ki, onun dəhlizə nəzarəti Ermənistan-İran əlaqəsini kəsmir. Bu, Tehran tərəfindən tam və ya qismən “qavranmır”. Bütün bunların fonunda Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfəri və Baş nazir Nikol Paşinyanla görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Overçuk regionda kommunikasiyaların blokdan çıxarılması üzrə Ermənistan-Rusiya-Azərbaycan işçi qrupunun həmsədridir.
Güman etmək olarmı ki, Overçuk Putinin Əhmədianla görüş zamanı təqdim etdiyi həmin əsaslandırma və arqumentləri İrəvana gətirib ki, Ermənistanı Zəngəzurda dəhlizə Rusiyanın nəzarətinin İranla kommunikasiyaya mane olmayacağına inandırsın? Bu “qarışıqlıq”da bəlkə də ən önəmlisi Rusiyanın “Zəngəzurla bağlı İranla əvvəlki razılaşmalara sadiq qalmasından” açıq danışmasıdır. Görünür, vəziyyəti qiymətləndirmək üçün “açar” budur.
Hansı “əvvəlki razılaşmalar”dan bəhs edildiyi bəlli deyil. Bəlkə, Türkmənçay müqaviləsi ilə dəqiqləşdirilmiş tarixi Rusiya-İran sərhədindən söhbət gedir. Hər bir halda sual yaranır: İran həmin qırx kilometrlik “zolağ”a qarşı Rusiyanın hüququnu tanıyır, amma ondan Türkiyə və Azərbaycanın xeyrinə istifadə etməyin əleyhinədir, yoxsa onu birmənalı olaraq Ermənistanın suveren sərhəddi kimi qəbul edir?
Bəlkə, Şoyqu Əhmədianın qulağına nəsə deyib?
Səhifəni bir qədər də vərəqləsək görərik ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Sankt-Peterburqda BRİKS-ə üzv ölkələrin təhlükəsizlik üzrə məsul şəxslərinin konfransı başlamazdan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Görüş zamanı Şoyqu əmin edib ki, Rusiya İranın suverenliyini, Fars körfəzindəki üç ada da daxil olmaqla ərazi bütövlüyünü tanıyır və ona hörmət edir, Zəngəzur məsələsində isə əvvəllər əldə edilmiş razılaşmalara sadiqdir. Heç bir Rusiya KİV-i nəinki Şoyqu-Əhmədian danışıqları ilə bağlı rəsmi məlumat yaymadı, hətta İran mətbuatının, o cümlədən rəsmi “Irna” agentliyinin məlumatlarına da istinad etmədi.
Əslində, Şoyqu-Əhmədian görüşü Rusiya media sahəsində nəzərdən qaçırılmış şəkildə qalıb. Bu, ən azından qeyri-adi haldır, eləcə də son həftələr ərzində heç bir Rusiya qurumunun İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı rəsmi narahatlığına cavab verməməsidir. Çox diqqətəlayiq haldır ki, bir ay əvvəl, konkret olaraq avqustun 5-də Şoyqu Tehrana səfər edib, həmkarı ilə danışıqlar aparıb və İran prezidenti Məsud Pezeşkianla görüşüb.
Tehrandan Moskvaya gedən yolda Şoyqu Bakıda dayanıb və təxminən iki həftə sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri edib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani iki gün əvvəl açıq şəkildə bəyan edib ki, mümkün Zəngəzur dəhlizi mövzusu Putinin Bakıya səfərindən sonra aktuallaşıb.
Sual yaranır ki, Şoyqu avqustun 5-də Tehranda dəhliz məsələsini müzakirə edibmi, onun qeyd etdiyi “əvvəlki razılaşmalar” həmin vaxt əldə olunubmu? O, Azərbaycan tərəfini İranla “əldə edilmiş razılaşmalar” barədə məlumatlandırmaq üçün Bakıda dayanıb? Bunlar Prezident İlham Əliyevi qane etməyib və Putinin Bakıya səfərinə zərurət yaranıb?
Bu, tamamilə mümkündür və həm də başa düşülən prosesdir, lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda Ermənistanın kommunikasiyaların açılmasını sabotaj etməsini bildirməsi Tehranın xoşuna gəlmədi. Tehranda bu, Moskvanın İrəvana əlavə təzyiqlər göstərməsinin siqnalı kimi başa düşülüb.
Belə çıxır ki, Şoyqu avqustun 5-də Tehranda “razılaşmalar əldə edibsə”, bunlar Putinin Bakıya səfəri zamanı ya rəsmi Bakının tələbi ilə, ya da Rusiya tərəfinin təşəbbüsü ilə ləğv edilib. Əks halda Tehran Moskvaya qarşı sərt ritorikadan istifadə etməzdi.
Bu baxımdan, Şoyqu-Əhmədian görüşü ilə bağlı İran tərəfinin məlumatı sanki yoxlama xarakterli idi, Moskvanın total səssizliyi isə tərəflərin sadəcə olaraq bu həssas mövzunu BRİKS-in təhlükəsizlik üzrə məsul şəxslərinin gündəminə gətirməmək barədə razılığa gəldiyinə sübutdur. Əks halda belə bir təəssürat var ki, Şoyqu İranın suverenliyini, ərazi bütövlüyünü tanımaq, Zəngəzur məsələsi ilə bağlı əvvəlki razılaşmalara sadiq qalmaq sözlərini “şəxsi kompliment” kimi Əhmədianın qulağına pıçıldayıb.
Eyni zamanda istisna edilmir ki, Şoyqu iranlı həmkarını inandırıb ki, bu gün Rusiya Xarici İşlər Nazirliyi “xətti ilə” səslənən bəyanatlar Rusiyanın real siyasi trayektoriyası ilə az əlaqəyə malikdir və bu mənada Xarici İşlər Nazirliyinin, yaxud sadəcə olaraq Sergey Lavrovun rəhbərlik etdiyi strukturun nümayəndələrinin açıqlamaları Rusiyanın rəsmi yanaşması kimi ciddi qəbul edilməməlidir.
Habelə, burada Rusiya-İran görüşü və bundan sonra yayılan məlumat bəlkə də o mənada diqqətəlayiq idi ki, bu, ABŞ və Britaniya xarici işlər nazirlərinin görüşünə “paralel fonda” keçirilirdi. Həmin görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinken İrana qarşı yeni sanksiyalar elan etdi. Onun sözlərinə görə, buna səbəb Rusiyaya ballistik raketlərin tədarükü olub.
Son görüş fikir ayrılıqlarına, yoxsa birgəliyə işarədir?
Digər tərəfdən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri ilə bağlı maraq onun Yaxın Şərqə səfərinin birinci hissəsini kölgədə qoyub. Bundan əvvəl o, Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb.
Suriya baxımından bir prioritet məsələ var: Ərdoğan-Əsəd görüşünün təşkili. Türkiyə mənbələri İranı Ankara-Dəməşq barışığına mane olmaqda ittiham edir. Belə bir fikir var ki, Moskva və Tehran Suriyadakı müttəfiqlərdən barışmaz rəqiblərə çevrilib. Ehtimal etmək olar ki, Şoyqunun Tehrana səfərinin əsas məqsədi İranın yaratdığı bu maneələri müzakirə etməkdir. Rusiya mənbələrinin susması sanki Şoyqunun missiyanı “uğursuzluğa uğratdığı”nı göstərir.
İran prezidenti Məsud Pezeşkian səfəri öncəsi yaxın vaxtlarda Türkiyəyə gedəcəyini açıqlayıb. O, Türkiyəni qardaş adlandırıb. Gələn bazar günü İran prezidenti Ərdoğanın iştirakı ilə sentyabrın 23-də ABŞ-Türkiyə iqtisadi konfransının keçiriləcəyi Nyu-Yorka yola düşür. Nyu-Yorkda Türkiyə və İran prezidentləri arasında “tanışlıq görüşü” təşkil ediləcəyi ehtimalı az deyil. “Irna”nın məlumatına görə, sentyabrın 24-də Pezeşkian BMT Baş Assambleyasında çıxış edəcək və “İran xalqının sözünü dünyaya çatdıracaq”.
Suriya və Zəngəzur dəhlizi ilə bağlı Rusiya-İran fikir ayrılıqları, bəlkə də, daha dərin kontekstdə özünü göstərir ki, bu da Moskvanın Tehranın geosiyasi oriyentasiyasına şübhə ilə yanaşması ilə əlaqəlidir. Bəzi nəşrlərdən çıxış etsək, Rusiya ilə münasibətlərin “yenidən yüklənməsi” məsələsini təkcə Pezeşkianın “islahatçılar qanadı” deyil, həm də ali dini liderin yaxın çevrəsinin “bir neçə nüfuzlu nümayəndəsi” irəli sürür.
Çox güman ki, Şoyqunu Tehrana İran elitasının Qərblə dialoqa nə dərəcədə meylli olduğu ilə bağlı “hisslərə toxunmaq” üçün göndəriblər. ABŞ, Aİ-nin nüfuzlu ölkələri öz ilkin şərtlərini açıqlayıb və Tehrandan Rusiyaya silah tədarükü ilə bağlı müqavilələri pozmağı tələb ediblər. İran prezidenti bu yaxınlarda mətbuat konfransı keçirərək, iqtisadi böhranın aradan qaldırılmasını ölkənin əsas prioriteti elan edib.
Bu təşəbbüsü həyata keçirmək üçün İran hava və su kimi Qərbin sanksiyalarının buxovlarından çıxmalıdır. Bu isə hətta nəzəri cəhətdən belə bir halda mümkündür: Pezeşkian Rusiyaya pilotsuz uçuş aparatı və ballistik raketlərin gələcək tədarükünü dayandırsa. Şoyqu Vladimir Putindən Məsud Pezeşkiana hansı mesajı çatdırıb? Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı hansı prinsipləri bəyan edəcək?
Pezeşkian Nyu-Yorkda “islahatçı” kimi qəbul olunacaqmı? BMT Baş Assambleyasının sessiyasındakı çıxışından düz bir ay sonra o, Kazana, BRİKS sammitinə yola düşəcək. Nüfuzlu KİV-lərdən biri onun “Rusiya prezidenti ilə görüşünün isti keçəcəyini” proqnozlaşdırıb. Bəs bu, ümumiyyətlə baş tutmasa?
Aqil Məmmədov
Ordu.az