Əvvəla, qeyd edək ki, tarixdə belə bir hücum nümunəsi olmayıb. Həm metodu, həm də istifadə edilən cihazları nəzərə alsaq, hibrid müharibə baxımından bir ilki yaşayırıq. Təbii ki, hadisəni törədənin kim olduğu bəlli deyil, lakin bu gün az qala hamı hadisənin arxasında İsrailin dayandığına inanır. Uzun müddət “Hizbullah”la müharibədən başqa, istifadə edilən kiber-elektron hücum üsulu İsraildən başqa heç kimi ağla gətirmir.
Partlayan cihazların xüsusi markası və modeli var
Hadisənin lap əvvəlində məlum olub ki, Livanda partlayan qurğular “pager” kimi tanınan peycerlərdir. Lakin cihazın istehsalçısı, xarakteri və texniki göstəriciləri haqqında məlumatlar sonradan ortaya çıxdı. Minlərlə mənbə hadisənin ilk saatlarında partlayan cihazların “Motorola” markalı peycerlər olduğunu bildirsə də, əldə edilən görüntülər araşdırıldığında, bu cihazların Tayvanda yerləşən “Apollo” şirkətinə aid “Gold Apollo AR924” olduğu anlaşılıb.
“Gold Apollo” şirkəti isə peycerləri özünün istehsal etmədiyini açıqlayıb və marka lisenziyasını verdikləri BAC adlı şirkətə işarə edib. Cihazların araşdırılması ilə hücumun necə baş verə biləcəyi ehtimalları müzakirə edilməyə başladı. Əvvəlcə bunu qeyd edək ki, bu tip peycerlər yalnız mətn mesajlarını ötürmək üçün istifadə olunan cihazlardır. Partlayan AR924 model cihazları radiostansiya sahəsində RX kimi də tanınır, yəni onların yalnız qəbuledici xüsusiyyətləri var. Bu cihazların işlədiyi tezlik diapazonu var, mərkəzdən və ya TX-ə uyğun cihazdan gələn çağırışı mətn mesajı kimi göstərir.
“Hizbullah”ın istifadə etdiyi peycerlərin necə partladığı müzakirə edilərkən, cihazların internet və ya peyk bağlantısının olub-olmadığı da qiymətləndirilib. Bu cihazların yalnız radio tezliyi ilə əlaqə qurduğu aşkar edildikdə, internet və ya peyk vasitəsilə müdaxilənin mümkün olmadığı məlum oldu.
İsrail kəşfiyyatı bu cihazları necə partladıb?
Mənbələrə görə, bəzi “Hizbullah” üzvləri cihazların həddindən artıq qızdığını hiss etdiklərini bildiriblər. Daha sonra cihazlara eyni anda gələn mesaj nəticəsində bütün cihazlar eyni anda partlamağa başlayıb. Cihazların necə partlaması ilə bağlı çoxsaylı ssenarilər var və bu ssenarilər imkanları dəyişir. Əvvəlcə kiber əməliyyatın mümkünlüyünə baxaq: başda qeyd etdiyimiz kimi, bu cihazlar internetə qoşulmayıb.
Bununla belə, yenə də qeyd etmək istərdik ki, kibermüdaxilə ehtimalı az olsa da mümkündür. İsrail istehsal və ya tədarük prosesi zamanı mikrokontrollerdə və ya bu peycerlərin elektron komponentində zərərli proqram quraşdırmış ola bilər. Bu proqram batareyanın həddindən artıq istiləşməsinə və nəticədə cihaz tərəfindən müəyyən mesaj qəbul edildikdən sonra partlamasına səbəb ola bilər.
Bu, internetə qoşulmayan cihazlarda tətbiq oluna bilən kiber üsullardan biridir. 2010-cu ildə ortaya çıxan “Stuxnet” əməliyyatı bu mövzuda ağla gələn ilk nümunədir. Bu nümunə İsrailin bu mövzuda nə edə biləcəyini göstərdiyi üçün vacibdir.
Digər ehtimal isə cihazların içərisinə partlayıcı qurğunun yerləşdirilməsidir. Hadisənin ilk qızğın vaxtından bu ehtimalın daha güclü olduğunu görürük. İsrail kəşfiyyat xidmətləri bu cihazların içərisinə Livana daxil olmamışdan əvvəl partlayışa səbəb olacaq mexanizm yerləşdirmiş ola bilər. “Wall Street Journal” kimi mənbələr bu cihazların yeni tədarüklər olduğunu və Livana bu yaxınlarda gəldiyini bildirir. Cihazın içərisinə partlayıcı yerləşdirmə ssenarisi daha çox ehtimal olunur, çünki bu, ölüm və yaralanmalara səbəb ola bilər.
Başqa bir ehtimal da cihazlarda yer alan zəiflik sayəsində batareyaların qızmasını və partlamasını təmin edəcək mesaj göndərilməsidir. Bir vaxtlar əhəmiyyətli bir telefon istehsalçısının cihazlarında xarici simvollarla gələn SMS mesajından sonra cihazların öz-özünə bağlanmasına yol açan bir zəiflik var idi. Ola bilər ki, “Hizbullah”ın cihazlarında belə bir zəiflik var. İsrail radioelektron mübarizə üsulu olaraq radio tezliyi ilə bu zəifliyə müdaxilə edərək, bütün cihazlara mesaj göndərmiş və partlayışı tətikləmiş ola bilər.
Ciddi təhlükəsizlik problemi ilə üz-üzə
İsrailin keçmişdə Livandakı əməliyyata bənzər hücum həyata keçirdiyi məlumdur. 1995-ci ildə həyata keçirilən əməliyyatda HƏMAS üzvünə 15 qram partlayıcı maddə olan mobil telefon verilib və həmin şəxsin cihazdan istifadə etdiyi təsdiqləndikdən sonra bu telefon uzaqdan partladılıb. Burada da belə görünür ki, İsrail əvvəlcədən kəşfiyyat məlumatı alıb və böyük əməliyyata başlayıb. Bir neçə ay əvvəl “Hizbullah”ın telefonları qadağan etdiyi və üzvləri üçün peycerlərdən istifadə tələb etdiyi xəbəri yayılmışdı.
Peycerlərlə məkan kimi məlumatlar məxfi olaraq qalır. Görünür, İsrail “Hizbullah”ın bu addımına cavab olaraq kəşfiyyat əməliyyatı təşkil edib. İsrailin “kiber-elektronika” ilə dəstəklənən bu hibrid əməliyyatı radiotezlikdən başqa heç bir əlaqəsi olmayan cihazların nə qədər riskli və təhlükəli ola biləcəyini göstərir. Partlayıcı maddələrin cihazların içərisinə yerləşdirilməsi və ya zərərli proqramların sızması bəlkə də cihazın istehsalı zamanı və ya bəlkə də tədarük prosesində bir çox sadə elektron cihazların dünya üçün təhlükəsizlik təhdidi yarada biləcəyi düşüncəsinə səbəb olur.
Firuz Bağırov
Ordu.az