Moskva və Ankaradan taktiki hörmət nümayişi: Krımla bağlı açıqlama ŞKTC ilə bağlıdır?

2024/09/1726655702.jpg
Oxunub: 741     17:33     18 Sentyabr 2024    
Rusiya mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı açıqlamasına bütöv bir sıra analitik nəşrlər həsr edib. Bu nəşrlərin tonu açıq şəkildə göstərir ki, ya Xarici İşlər Nazirliyi, ya da birbaşa Rusiya Prezident Aparatı tərəfindən sifariş edilib.

Əsas fikir budur ki, Ərdoğan 2014-cü ildən Krımla bağlı bəyanatlarını təkrarlayır, lakin bu, Suriyada Rusiya-Türkiyə əməkdaşlığına, S-400 hava hücumundan müdafiə sisteminin alınmasına, “Türk axını” qaz kəmərinin istismarına və “Akkuyu” Atom Elektrik Stansiyasının inşasına dair razılaşmaya mane olmayıb.

Xüsusilə “Regnum”un şərhçisinin sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin indiki mərhələsində önəmli olan Ərdoğanın ritorikası deyil, onun NATO hərbi gəmilərinin Bosfor-Dardanel boğazından Qara dənizə keçməyəcəyi və Rusiyaya “narahatlıq yaratmayacağı” qərarıdır.

“RİA Novosti”nin şərhçisi Türkiyə iqtisadiyyatının ehtiyaclarını dəyərləndirir və etiraf edir ki, Qərbin investisiyalarına ciddi ehtiyacı olan Ərdoğan Avropa İttifaqı və ABŞ-yə qarşı çıxa bilməz. Üstəlik, müəllif hesab edir ki, Türkiyənin özünün hərbi sənayesinin inkişafı ilə bağlı iddialı planları olsa da, aparıcı Qərb texnologiyaları olmadan real nəticələr əldə edə bilməz.

Bu müşahidə və nəticələr silsiləsində “Regnum”un məqaləsinin bu ifadəsi diqqət çəkir: “Türkiyənin Krımı Ukrayna ərazisi hesab etməsi Rusiya üçün faciə olmadığı kimi, Türkiyə də Rusiyanın Şimali Kiprin müstəqilliyini tanımadığını anlayır”. Bu baxımdan qeyd etmək lazımdır ki, iyulun əvvəlində Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak etməyib, həmin iclasda Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) TDT-yə üzvlüyü məsələsinin həll olunacağına ümid etdiyini bildirmişdi.

Lakin bu baş vermədi. Görünən odur ki, Mərkəzi Asiya ölkələrinin də ŞKTC məsələsi ilə bağlı ciddi ehtiyatları var. Problem həm də onunla çətinləşir ki, eyni dövlətlər, hətta Rusiya ilə Birlik Dövləti yaradan Belarus nəinki Donbasın və Kremlin Ukraynanın işğal olunmuş bölgələrini adlandırdığı kimi “yeni ərazilər”in, həm də Krımın Rusiyaya məxsus olduğunu tanımır.

Belə bir vəziyyət alınır ki, Rusiya ŞKTC-nin, Türkiyə isə ən azından Krımın Rusiyaya məxsus olduğunun tanınması prosesini nəzəri olaraq təşviq edə bilər, lakin tərəflərdən heç biri birinci addım atmır. Dərin mənada bu o deməkdir ki, beynəlxalq rol baxımından Türkiyə Rusiyanı fövqəldövlət kimi tanımır, Rusiya isə Türkiyənin nə vaxtsa NATO-dan çıxacağına və həqiqi strateji müttəfiq olacağına əmin deyil. Moskva və Ankara qarşılıqlı şəkildə “bir-birini başa düşdükləri” üçün taktiki hörmət nümayiş etdirirlər.

Eyni zamanda, “kim kimi daha yaxşı başa düşür” müzakirəsi gedir, bu, qarşılıqlı ittihamlar səviyyəsinə çatmasa da, bu “barışmaz yaxınlığ”ın nə vaxtsa kəskin qarşıdurmaya çevrilə biləcəyi mümkündür. Bu isə ümumən Qafqaz regionu üçün çox təhlükəli vəziyyətdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Krım  


Bizi "telegram"da izləyin