Hikmət Hacıyev: "Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu konstitusion əsasda bildirməlidir"

2024/05/2024--1716538488.jpg
Oxunub: 660     12:01     18 Sentyabr 2024    
Sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilməli və erməni xalqı da öz mövqeyini bildirməlidir. Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir.

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonra proses irəliyə doğru daha da sürətli şəkildə gedə bilər: "Sülh müqaviləsinin mətni üzrə Ermənistanın təklifləri bu yaxınlarda Azərbaycan tərəfinə təqdim olunub və həmin təkliflərin göndərilməsi 70 gündən çox vaxt alıb. Bu, çox böyük bir vaxtdır. Ermənistan əgər sülh müqaviləsinin irəli aparılmasında ciddidirsə və bu məsələdə maraqlıdırsa, 70 gün ərzində cavab göndərilməsi özlüyündə sual doğurur".

Prezidentin köməkçisi vurğulayıb ki, sülh müqaviləsinin əksər hissələri üzrə müəyyən razılıqlar var, amma hələ də görülməli işlər var: "Bu ilk növbədə Ermənistan Konstitusiyası ilə bağlı olan məsələlərdir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycana qarşı ərazi iddialarının olması Azərbaycanı narahat edən bir məsələdir. Sülh müqavilələri, adətən, təkcə hansısa hökumətlə yox, eyni zamanda xalqla da imzalanır. Gözləntimiz ondan ibarətdir ki, sülh müqaviləsinə nail olmaq üçün Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər referendum yolu ilə həyata keçirilsin və erməni xalqı da öz mövqeyini bildirsin".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycanı   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin