Paşinyanın partiyasında narahatdırlar, qapalı iclasdan detallar məlum olub

2024/09/1725867946.jpg
Oxunub: 333     15:53     10 Sentyabr 2024    
Ötən gün Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının Təşəbbüs Qrupunun iclasında Ermənistan səlahiyyətliləri xarici işlər naziri Ararat Mirzoyanı dinləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, son vaxtlar hər cümə axşamı bu formatda hakim partiya üzvləri görülmüş işlər və gözlənilən hadisələrlə bağlı hər hansı bir idarə rəisinin hesabatını dinləyirlər.

“Hakim partiyanın yaydığı iki sətirlik açıqlamaya əsasən, Mirzoyan Xarici İşlər Nazirliyinin fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib, iclas iştirakçılarının suallarını cavablandırıb. Hakim partiyaya yaxın olan mənbəmizin məlumatına görə, iki saat davam edən iclasda səslənən fikirlər Ermənistanın xarici siyasəti ilə bağlı nikbin əhval-ruhiyyə formalaşdırmayıb, əksinə, çoxlu narahatlıqlar dilə gətirilib, mümkün təhlükəli hadisələrdən danışılıb, partiya üzvləri bundan ciddi nəticələr çıxarıblar ki, Ermənistanın qarşısında duran çağırışlar yaxın gələcəkdə daha da şiddətlənəcək.

Mənbəmizin bildirdiyinə görə, yeganə optimist məlumat ondan ibarət olub ki, Mirzoyan sərhədlərin delimitasiyası kontekstində anklavlar mövzusundan danışarkən, İrəvanla Bakı arasında anklavlarla bağlı məsələnin aşağıdakı prinsip əsasında həlli üçün razılıq əldə oluna biləcəyini deyib: “Bizdəki bizə, onlardakı onlara”. Yəni Kərki Ermənistana, Başkənd isə Azərbaycana qalacaq. Xarici işlər nazirinin təqdimatına görə, Rusiyanın son dövrlərdə regional problemlərin həllində və xüsusilə də yolların blokdan çıxarılmasında mühüm rolu öz üzərinə götürmə baxımından görünməmiş fəallığı bizi çox narahat edir. Söhbət yola nəzarətdən gedir. Mirzoyan Rusiya Federasiyasının istəklərinin reallığa çevrilməməsi üçün hər şeyi etməyin lazım olduğunu deyib, eyni zamanda Ermənistanla Qərb arasında ayrılmaz hala gələn münasibətlərdən də danışıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin