Polkovnik-leytenant Rauf Zeynalov: "Bu müharibə xalqın müharibəsi idi, ruhun müharibəsi idi"

2024/09/47447-1725636403.jpg
Oxunub: 497     16:03     02 Oktyabr 2024    
Rauf Zeynalov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Göyəzən qüruruyla, Damcılı duruluğuyla böyüyüb, yeniyetmələşib. Ermənistan siyasi hiyləgərliklə Qazaxın ərazisindən 2000 hektar meşə zolağını ələ keçirmişdi, sonralar 7 kəndi işğal etmişdi. Rauf hərbçi olmağı onda qərara almışdı...

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil aldı. 2008-ci ildə "leytenant" hərbi rütbəsi ilə qoşunlarda xidmətə başladı. Müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə xidmət etdi.

Polkovnik-leytenant Rauf Zeynalov İkinci Qarabağ müharibəsi başlayanda xidmət etdiyi hərbi hissə cəbhə bölgəsindəydi. Hərbi hissənin döyüş tapşırığına əsasən, düşmənin nisbətən uzaq dərinliklərdə yerləşən strateji hədəflərinə çoxlu sayda atəş zərbələri vuracaq, onları məhv edəcəkdilər.

Hərbi hissənin İkinci Qarabağ müharibəsində ilk mərmini atmasını polkovnik-leytenant Rauf Zeynalov qürurla xatırlayır:

- Atışlarımız dəqiq olmuşdu. Dərinliklərdə tələfat verən düşmən çaşqınlıqla atışmışdı. Atışlarımız döyüşənlərimizin döyüş əzmini, qələbə ruhunu yüksəltmişdi...

Mövqe qələbələri qazanıldıqca Böyük Qələbə ərəfəsində olan döyüşçülərimiz daha rəşadətlə döyüşürdülər. Hər hərbi hissə döyüş tapşırıqlarını böyük məsuliyyətlə (dövlətə, dövlətçiliyə böyük sədaqətlə) yerinə yetirirdi. Bu müharibə xalqın müharibəsi idi, ruhun müharibəsi idi. Füzulinin Qaraxanbəyli kəndi işğaldan azad ediləndə bütün hərbi hissələrin döyüşçüləri özünü ruhən həmin döyüşün iştirakçılarının sırasında bilmişdi. İlk qələbənin sevinci son döyüşün başlanğıcının əzmi kimi yaşanılmışdı. Zabit Rauf Zeynalovun xidmət etdiyi hərbi hissənin döyüşçüləri də müharibənin son döyüşünə döyüşə-döyüşə bu əzmlə çatmışdılar.

Noyabrın 7-də komandanlığın əmri ilə Şuşa istiqamətində düşmənin xeyli canlı qüvvəsinin, döyüş texnikasının məhv edilməsi ilə nəticələnən atış aparmışdılar. Bu atışlar Vətən müharibəsində düşmənin 100-ə yaxın komanda və dayaq məntəqəsini, müxtəlif təyinatlı strateji obyektini, qruplaşmalarını məhv etmiş hərbi hissənin müharibədə sonuncu atışları olmuşdu. Döyüşlərdə batareyanın şəxsi heyəti itki verməmişdi; döyüşlərdə qəhər qələbə ovqatına pərsəng olmamışdı...

Tarixi Zəfər qazanılmışdı...

Polkovnik-leytenant Rauf Zeynalov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib...

Zabit Rauf Zeynalov 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatlarının da iştirakçısıdı. "Bu döyüşlər Vətən müharibəsində qazanılmış tarixi Zəfəri həm hərbi, həm dövlətçilik, həm də ruhumuzun istəyi baxımından tamamladı...", - bu qürur döyüşçü ruhuna gözaydınlığı qürurudu. Polkovnik-leytenant Rauf Zeynalov bu döyüşlərdə iştirakına görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub...
Vətən müharibəsinin bütün iştirakçıları döyüş yoldaşlarıdı. Rauf bütün döyüş yoldaşlarının təltiflərinə görə sevinir... Polkovnik-leytenant Rauf Zeynalov 2011-2012-ci illərdə Türkiyə Milli Müdafiə Universitetinin müdavimi olub. Bu təhsil onun peşəkarlığını yüksək səviyyədə təkmilləşdirib...

Söhbətləşəndə bir poetik fikir dedim: Vətən mənəm, Vətən sənsən, Vətən bizik! Polkovnik-leytenant Rauf Zeynalov da, əsgərlər də fikrimi bəyəndilər...

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən   Ordu  


Bizi "telegram"da izləyin