Ürəyi həmişə Vətənə məhəbbət hissi ilə döyünən zabit yeniyetməlik çağlarından hərbi peşəni seçmək, zabit olmaq, düşməndən Vətənin, şəhidlərin qisasını alanların sırasında olmaq arzusunda olduğunu bildirdi. Öyrəndim ki, mayor Əlibala Əsədov Salyan rayonunun Sarvan kəndində anadan olub. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış İsbəndiyar Həsənovun adını daşıyan məktəbdə təhsil alıb. 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. İllərlə qəlbinə hakim kəsilmiş arzusunu müvəffəqiyyətlə gerçəkləşdirib. Kursant formasını ilk dəfə geyinəndə özünü qürurlu və daha da məsuliyyətli hiss edib. İlk günlərdən hərbi peşənin sirlərini öyrənib. Gənc zabit kimi xidmətə başlayan Əlibala həmişə ona göstərilən etimadı doğrultmağa səy göstərib. İntizamı və şəxsi keyfiyyətləri ilə kollektivin rəğbətini qazanıb. 2016-cı ilin Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin, texnikasının, dayaq məntəqələrinin məhv edilməsində peşəkarlıq və şücaət göstərib.
Təcrübəli zabit Vətənimizin tarixinə igidlik və Zəfər salnamələri kimi yazılan 44 günlük Vətən müharibəsində də iştirak edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmrinin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsi heyəti ilə birlikdə yüksək döyüş hazırlığı nümayiş etdirərək, verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Xidmətini uğurla davam etdirən mayor Ə.Əsədov tabeliyindəki Vətən müdafiəçilərinə şanlı ordumuzun göstərdiyi igidliklərdən söhbət açır, döyüş təcrübələrini şəxsi heyətlə bölüşür.
Təcrübəli zabit bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik qabiliyyəti, yürütdüyü diplomatik fəaliyyəti, xalq-ordu yenilməz birliyi, həmrəyliyi ilə qazandığımız tarixi qələbə bizi Vətənimizin işıqlı gələcəyi naminə daha böyük uğurlara ruhlandırır. Hər zaman Vətənimizi göz bəbəyi kimi qoruyacaq, xidmətimizi layiqincə davam etdirəcəyik.
Mübariz Musayev, "Azərbaycan Ordusu"
Ordu.az