Mövqelərimiz sadəcə müşahidə məntəqəsi deyil, həm də təhlükəsizlik rəmzidir – REPORTAJ (FOTO)

2024/09/fa570-1725636164.jpg
Oxunub: 720     11:26     02 Oktyabr 2024    
Sirr deyil ki, Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan şanlı Zəfər dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Mənfur düşmən bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu, nəticədə mülki əhali və hərbi qulluqçular arasında yaralananlar, həlak olanlar oldu. Müzəffər Ali Baş Komandanımızın döyüş əmri ilə ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Uğurla başlayan haqq savaşımızın ilk saatlarından düşmənin möhkəmləndirilmiş, mifləşdirilmiş "Ohanyan səddi" adlanan sədlərini yaran Azərbaycan Ordusu Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi. Bu Böyük Qələbəyə gedən ilk addımlar oldu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətlə bildirdiyi: "Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq" bu kəlamı artıq tarixi əhəmiyyət daşıyır. Cəmi 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan Ordusu bütün istiqamətlərdə yüksək döyüş, fiziki və psixoloji hazırlıq nümayiş etdirdi, düşmən üzərində üstünlüyünü bütün dünyaya göstərdi. Otuz ilə yaxın işğalda olan torpaqlarımızın hər qarışı artıq əzəli sahiblərindədir. Qarabağ, hər zaman olduğu kimi, Azərbaycandır!

Lakin Aprel və Tovuz döyüşləri, Günnüt əməliyyatı və Vətən müharibəsi Ermənistan hərbi-siyasi rəhbərliyinə dərs olmamış kimi, düşmən yenə hərbi təxribatlarından əl çəkmədi. 44 günlük haqq savaşından sonra baş verən digər qalibiyyətli döyüş əməliyyatlarının nəticəsində düşmən yenidən sarsıdıcı zərbələr aldı. Bununla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə, bütün döyüş mövqelərində Azərbaycan Ordusunun igid hərbçiləri daim ayıq-sayıqlıqla xidmət aparır və istənilən təxribatların qarşısını almağa hazırdırlar.


Azərbaycan Ordusunda aparılan islahatlar, inkişaf prosesi nəticəsində döyüş hazırlığı səviyyəsinin artırılması ilə yanaşı, həm də hərbi qulluqçuların məişət şəraiti də yaxşılaşdırılır. Bu tədbirlər zamanı döyüş mövqelərinin müasirləşdirilməsinə, daha rahat xidmət şəraitinin yaradılmasına da xüsusi diqqət yetirilir. Texnoloji tərəqqi sayəsində əsgərlər müasir rabitə və müşahidə vasitələri ilə silahlanıblar ki, bu da onlara ərazilərimizi daha effektiv qorumağa və mümkün təhlükələrin qarşısını almağa imkan verir. Lakin ən qabaqcıl texnologiyalar belə insan amilini əvəz edə bilməz - əsgərlərin öz peşəkarlığı, məsuliyyəti və fədakarlığı həmişə həlledici rol oynayır. Azərbaycan hərbçisi hər gün öz doğma torpağının təhlükəsizliyi üçün məsuliyyət daşıyan insandır.

İşğaldan azad olunan ərazilərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olmaq, Vətənin keşiyində duran mərd oğullarımızla söhbətləşmək məqsədi ilə "N" hərbi hissəsinə yollandıq. Burada ilk tanış olduğumuz zabitlərdən biri kapitan Elvin Piriyev oldu. O bildirir ki, dağlarda və düzənliklərdə yerləşən hər bir mövqe sadəcə müşahidə məntəqəsi deyil, müstəqillik və təhlükəsizlik rəmzidir. "Bizim üçün hərbi xidmət xüsusi əhəmiyyət kəsb edir, çünki ölkəmizin unikal coğrafi mövqeyi və tarixi əhəmiyyətli sərhədləri var. Dağlıq ərazilər və uzun sərhədlər daimi diqqət və mühafizə tələb edir. Zəngin tarixə və mürəkkəb siyasi kontekstə malik regionda yerləşən Azərbaycan hər zaman müstəqilliyinin qorunmasına xüsusi diqqət yetirib. Qədim zamanlardan başlayaraq, Böyük İpək Yolu boyunca yaradılan strateji postlar əsrlər boyu ticarət yollarını və bölgədə sülhü qoruyub saxlayıb. Bu gün illər keçsə də, bu vəzifədə xidmət cəsarət və fədakarlıq simvolu olmaqda davam edir. Dövlətimizin suverenliyini və ərazi bütövlüyünün mühafizəsini həyata keçirən hərbi qulluqçular relyefin və iqlim şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, öz vəzifələrini sədaqətlə yerinə yetirirlər.

Xalqımızın dinc yaşayışının, əmin-amanlığının bizim ayıq-sayıqlığımızdan asılı olduğunu bilə-bilə apardığımız xidmətlə fəxr edirik. Hər birimiz əsrlər boyu bu torpağı qorumuş əcdadlarımızın igidliklərini xatırlayır, bu vəzifədə xidmət etməyi təkcə hərbi vəzifə deyil, həm də Vətənimiz və tariximiz qarşısında mühüm mənəvi borc hesab edirik", - deyə zabit sözünü bitirir.


Söhbətimiz yekunlaşdıqdan sonra zabit bizi şəxsi heyət ilə tanış edir. Gizir Ceyhun Abdullayev ilə həmsöhbət oluruq. Ceyhun hərbi xidmətin ən vacib cəhətlərindən birinin komanda ruhu olduğunu deyərək söhbətə başlayır. "Biz yalnız tapşırıqları yerinə yetirmək üçün deyil, həm də bir-birimizə dəstək olmaq üçün buradayıq. Əsgərlərimiz yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər. Onlar anlayırlar ki, xidmətimizin böyük əhəmiyyəti var. Apardığımız xidmət regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verir. Vəzifəmizi yerinə yetirmək fədakarlıq və səy tələb etsə də, Vətənimizi qorumaq üçün üzərimizə düşəni etməkdən qürur duyuruq. Bu qürur qarşılaşdığımız bütün çətinliklərə baxmayaraq, bizə güc və inam verir", - gizir Ceyhun Abdullayev belə deyir.

Gizir Abdullayev onu da vurğulayır ki, döyüş mövqeyində xidmət təkcə peşəkar bacarıqları deyil, həm də şəxsi keyfiyyətləri inkişaf etdirir ki, bu da ömürlük hərbi qulluqçuların yaddaşında qalır.

Döyüş növbətçiliyini inamla yerinə yetirən əsgərlərlə də həmsöhbət oluruq.

Əsgər Cahandar Qasımov hərbi xidmətin müqəddəs peşə olduğundan danışır: "Hər birimiz xidmətimizin vacib olduğunu başa düşürük. Biz Vətənin keşiyində durmuşuq və anlayırıq ki, bütün regionun təhlükəsizliyi və sabitliyi bizim ordumuzun qüdrətindən asılıdır. Azərbaycan Ordusu regionun ən güclü ordusudur və dünyanın ən qabaqcıl orduları sırasındadır. Bu bizə yüksək motivasiya və döyüş ruhu aşılayır. Komandirlərimizin dəstəyi bizə əzmkarlıq göstərməyə kömək edir. Onlar xidmətləri haqqında danışır, ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən söz açır, döyüş təcrübələrini bizimlə bölüşürlər. Biz də öz növbəmizdə onları maraqla dinləyir, göstərdikləri igidlik nümunələrini gözümüz önündə canlandırırıq. Qalib Azərbaycan Ordusunda xidmət etmək, azad olunmuş ərazilərin keşiyində durmaq həm ilham mənbəyimiz, həm də böyük fəxr yerimizdir".

Əsgər Ramin Hüseynzadə Cahandar ilə həmfikir olduğunu, ordu sıralarında xidməti ilə qürur duyduğunu bildirir. "Vətənimizə və ordumuza layiqli xidmət etmək üçün daim öz üzərimizdə çalışırıq. Azərbaycan Ordusunun gücü təkcə müasir silah və texnikada deyil, həm də hər bir əsgərin döyüş ruhunda və tükənməz Vətən sevgisindədir".

Əsgərlər Rəsul Qasımov, Rəvan Abdullazadə, Eşqin Muxtarov və Sadiq Əliyev ordunun gələcək inkişafı üçün gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyi ilə bağlı fikirlərini bildirirlər: "Gənclərin vətənpərvərlik tərbiyəsi ordumuzun və bütövlükdə ölkənin gələcəyinin təməlidir. Başa düşürük ki, hazırkı xidmətimiz uzun bir yolun yalnız bir hissəsidir və ordunun bundan sonra da inkişaf edib möhkəmlənməsi üçün ənənələrimizi davam etdirməli, Vətənin müdafiəsinə hazırlaşan yeni nəsillərə aşılamalıyıq. Hər bir gənc bilməlidir ki, hərbi xidmət onun vətəndaşlıq və mənəviyyat borcudur".

İbrahim Məmmədbəyov, “Azərbaycan Ordusu”
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin