“Polad Günbəz”: “Korkut”dan “Siper”ə qədər desək yanılmarıq!

2024/08/1724846999.jpg
Oxunub: 934     15:34     30 Avqust 2024    
Əslində, “Polad Günbəz” (Çelik Kubbe) bir silah sisteminin deyil, silah sistemləri qrupunun adıdır. Sözügedən qrup çərçivəsində hazırlanacaq müxtəlif həllər təbəqəli hava və raketdən müdafiə sistemi yaradacaq.

Sözügedən Hava Hücumundan Müdafiə (HHM) şəbəkəsi çoxlu sensorlar və Süni Zəka (SZ) alqoritmləri də daxil olmaqla, komanda və idarəetmə imkanlarını birləşdirəcək. Fikrimizcə, bu sistem gələcəkdə NATO-ya elan olunacaq və müttəfiqlərin resursları ilə koalisiya əməliyyatlarında birgə missiyalar yerinə yetirə biləcək.

“Polad Günbəz” nədir?

“Polad Günbəz”in çoxtəbəqəli ölçüsünü bir az daha izah etmək faydalı olar. “Polad Günbəz”i təsvir edərkən “Korkut”dan “Siper”ə qədər” ifadəsini işlətmək səhv olmaz.

Spektrin alt ucunda fəaliyyət göstərən “Korkut” ASELSAN istehsalı olan, 35 millimetrlik qoşa lüləsi olan çox alçaq hündürlükdə HHM sistemidir. Bu sistem yüksək atış sürəti və qəlpəli sursat konfiqurasiyası ilə xüsusilə kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) təhlükəsinə qarşı getdikcə daha kritik rol oynayacaq.

“Polad Günbəz”dən danışarkən, “Korkut”u xüsusi qeyd etməyimizin başqa səbəbi də var. “Korkut” təkcə HHM qabiliyyəti deyil, həm də C-RAM (counter-rocket, artillery, mortar) sistemidir. Daha aydın desək, bu sistem düşmənin raket və artilleriya elementlərinə qarşı təsirli olması məqsədilə də hazırlanıb. Buna görə də “Polad Günbəz” hava və raketdən müdafiədən tutmuş C-RAM missiyalarına qədər geniş profildə hava məkanını qoruyacaq.

Spektrin ən yüksək hündürlük və ən uzun mənzil ucunda yerləşən “Siper” isə Türkiyənin ilk strateji “yer-hava” raket (SAM) sistemidir. 150 kilometrdən çox mənzili olan “Siper”in ikinci variantı çərçivəsində atış sınaqları ötən il həyata keçirilib. Təbii ki, “Korkut”dan “Siper”ə” olaraq təyin etdiyimiz qrupun ara təbəqələri də kritik əhəmiyyət kəsb edəcək.

“Hisar-A” və “Hisar-O” aşağı/orta hündürlükdə HHM sistemləri bu imkanlardan ən əhəmiyyətliləridir. HHM sistemləri arasında diqqət çəkən başqa bir qabiliyyət də “Gökdemir”dir. ABŞ-Norveç istehsalı olan NASAMS ilə oxşar əməliyyat konsepsiyasına əsaslanan “Gökdemir” “hava-hava” raketlərinin HHM buraxılış qurğularından buraxılaraq, “yer-hava” konfiqurasiyasında istifadə edilməsini də təmin edəcək.

Bu məqsədlə TÜBİTAK SAGE tərəfindən istehsal edilən “Gökdoğan” raket ailəsindən istifadə edilir. “Gökdemir” və NASAMS kimi sistemlər vacibdir, çünki strateji SAM sistemləri ilə müqayisədə daha sərfəli həll yolu deməkdir. Xüsusilə uzun təqvimləri əhatə edən münaqişə mühitlərində sursat ən kritik ehtiyaca çevrilir.

Niyə indi?

Türkiyənin müdafiə sənayesi son zamanlar NATO alyansı daxilində müxtəlif kateqoriyalar üzrə geniş spektrli HHM həlləri üzərində işləyən mərkəzlərdən birinə çevrilib. Bu səylər nəticəsində bir çox həll yolu inventara daxil olub və ya daxil edilməsini gözləyir. Digər tərəfdən, tək başına çoxlu sayda HHM sisteminə malik olmaq effektiv və təbəqəli HHM arxitekturası demək olmayacaq.

Hər şeydən əvvəl, sözügedən həlləri dəstəkləmək üçün bir sensor infrastrukturu olmalıdır. Göstərilən miqyasda kosmosa əsaslanan qabiliyyətdən radar imkanlarına, havadan erkən xəbərdarlıq təyyarələrindən tutmuş hava patrul missiyalarına qədər bütün məlumatlar bir beyində toplanmalı və əlaqələndirilməlidir. Xülasə, nə qədər raket və buraxlılış qurğunuz olsa da, aşkar edə bilmədiyiniz heç bir hədəfi vura bilməzsiniz.

İkincisi, təhlükə mühiti mürəkkəbləşdikcə insan amilini gücləndirmək qabiliyyətinə ehtiyac artacaq. Bu səbəbdən komanda və idarəetmə infrastrukturunda SZ alqoritmlərindən istifadə etmək vacibdir. Hava mənzərəsi birdən-birə çoxlu sayda və tipdə raket və PUA sistemləri ilə dola bilər. Bu mənzərəyə pilotlu təyyarələr və kosmos əsaslı təhdidləri də əlavə etmək olar və bütün bu inkişaflar çox tez baş verə bilər.

Xülasə, “Polad Günbəz” Türkiyə müdafiə sənayesinin hava və raketdən müdafiə seqmentindəki inkişaflarının təbii nəticəsidir, çoxlu silahlardan çoxtəbəqəli struktur yaratmaq səyinin adıdır. Bu səbəbdən S-400-ün “Polad Günbəz”in bir hissəsi olmasını gözləmək mümkün deyil. Çünki Rusiyadan tədarük edilən strateji SAM sistemi S-400 “standalone” tək başına istifadə ediləcəyi rəsmən açıqlanan bir həlldir.

“Polad Günbəz”in Türkiyə müdafiə sənayesinin nəhənglərini bir araya gətirən bir səy olduğunu vurğulamaq da vacibdir. ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və bir çox digər əhəmiyyətli aktorlar “Polad Günbəz”in inşası üçün səy göstərəcək. Bu ölçüdə bir araşdırma üçün fərqli bir əməkdaşlıq düşünülə bilməzdi.

“Polad Günbəz” niyə vacibdir?

“Polad Günbəz” dizayn fəlsəfəsinə və strateji çərçivəsinə görə sözün əsl mənasında “zeitgeist”i, yəni zamanın ruhunu əks etdirir. Sistemin hərbi mahiyyətini anlamaq üçün təhdid mühitini ətraflı qiymətləndirmək faydalıdır. Rusiya-Ukrayna müharibəsində müşahidə etdiyimiz tendensiyalar eyni hücum paketində ballistik raketlərin və qanadlı raketlərin pilotsuz uçuş sistemləri ilə birlikdə istifadəsinin nə qədər təhlükəli ola biləcəyini göstərdi.

Üstəlik, müharibənin hər iki tərəfi sensasiyalı uğurlar əldə etdi. Hətta Ukrayna məhdud imkanları ilə Tatarıstanın Alabuqa şəhərində “Şahid” kamikadze PUA-ları istehsal edən Rusiya-İran birgə PUA obyektini pilotsuz olacaq şəkildə modifikasiya edilən bir hobbi təyyarəsi ilə vurdu.

Digər kritik nümunə İranın 2024-cü il aprelin 13-də İsrailə hücumudur. İsrail ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın töhfələri və bəzi regional dövlətlərin hava məkanının açılması sayəsində böyük zərər çəkmədən hücumdan sağ çıxsa da, İranın 24 saat ərzində həyata keçirdiyi irimiqyaslı raket və PUA hücumunun qarşısının alınmasının ümumi dəyəri milyard dollardan çox oldu.

Üstəlik, F-35I döyüş təyyarələrinə ev sahibliyi edən “Nevatim” aviabazası kimi kritik hədəflər də vurula bilərdi. Çünki söhbət raketlərdən və zərbə PUA-larından getdikdə, müdafiə olunan tərəfin hər bir nişanalmada, hücum edənin isə tək bir nişanalmada uğurlu olması zərurəti ön plana çıxacaq. Xülasə, XXI əsrin birinci yarısından çıxarılan dərslər bundan sonra hava təhlükələrinin, onların asimmetrik xarakterinin və dağıdıcılığının yüksək olacağını ortaya qoydu.

Son olaraq iki məqamı vurğulamağa dəyər. Türkiyə müdafiə sənayesi artıq aşağı hündürlükdən orta və yüksək hündürlüyə qədər “hava ilə nəfəs alan” hədəflərə qarşı milli həllər hazırlayıb. Digər tərəfdən ballistik raketdən müdafiəni təkcə milli imkanlarla qarşılamaq hələlik mümkün deyil. Buna görə də “Polad Günbəz”in ballistik raketdən müdafiədə xaricdən tədarük proseslərinin gündəmə gəlib-gəlməyəcəyi vacibdir.

Hazırda iki müxtəlif mənbədən alışlar edilə bilər: Avropa və ABŞ. İkincisi, Ukraynadan öyrənilən dərslər göstərir ki, zərbə PUA-ları digər zərbə PUA-larına qarşı effektiv müdafiə sisteminə çevrilib. Türkiyə müdafiə sənayesinin ən aktiv olduğu seqmentlərdən biri də PUA-lardır. “Polad Günbəz”in zərbə PUA-sı ovçusundan ibarət zərbə PUA-sı ölçüsünün də olması təəccüblü olmayacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dəmir-Günbəz   HHM  


Bizi "telegram"da izləyin