Ermənistanın iqtisadi artım şarı partladı – Bəs əsl vəziyyət necədir?

2024/05/1715924449.jpg
Oxunub: 813     12:34     06 Sentyabr 2024    
Ermənistan iqtisadiyyatının dünya səviyyəsində böyüməsi ilə bağlı Paşinyan hakimiyyətinin üfürdüyü şar partladı. Rəsmi statistika iqtisadi artım mənzərəsinin təhrif edildiyini etiraf edib.

Əslində Ermənistanda iqtisadi artım təqdim olunduğundan xeyli aşağı idi. Ötən il olduğu kimi, bu ilin birinci rübünün də iqtisadi artım göstəricilərinə nəzər salınıb. Yenidən baxılıb və azaldılıb.

“Yenidən baxılma nəticəsində 2023-cü ildə ÜDM-in dəyəri 52 046,6 milyon dram azalaraq, 9 453 175,0 milyon dram, həcm indeksi isə 0,4 faiz bəndi azalaraq, 108,3 faiz təşkil edib. Öz növbəsində, 2024-cü ilin birinci rübündə ÜDM-in dəyəri 48 290,8 milyon dram azalaraq ,1 922 939,6 milyon dram, həcm indeksi isə 2,6 faiz bəndi azalaraq, 106,6 faiz təşkil edib”, - deyə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Sadə dillə desək, Ermənistanda ötən il elan olunmuş 8,7 faizlik iqtisadi artım 0,4 faiz bəndi azalaraq, 8,3 faiz olub. Azalma ötən ilin son rübünün iqtisadi göstəriciləri ilə bağlıdır. Söhbət qızılın təkrar ixracı hesabına əldə edilən yüksək iqtisadi artımdan gedir.

Bunun nəticəsində ötən ilin oktyabrından Ermənistanda sənaye tənəzzüldən çıxdı və qızıl sənayesi bir neçə dəfə artım qeydə aldı. Hələ o zaman məlum idi ki, buna iqtisadi inkişaf və ya hasilat həcminin artması deyil, Rusiya qızılının təkrar ixracı səbəb olub. Ancaq Ermənistanda rəsmi statistika onu qızıl istehsalına daxil etdi və qızıl sənayesində çoxsaylı artımları boyadı. Həmin artımlar həm sənayeyə, həm xarici ticarətə, həm də ümumilikdə iqtisadi artıma təsir etdi.

Aylar sonra Ermənistanda rəsmi statistika “səhv”i düzəltməyə qərar verib: həm əvvəlki ilin son rübünü, həm də illik iqtisadi artım indeksini azaldıb. Bu ilin birinci rübünün iqtisadi artım indeksinə də yenidən baxılıb. Yenidən baxılıb və kəskin şəkildə azaldılıb.

Xatırladaq ki, əvvəlcə rəsmi statistika Ermənistanda birinci rübdə iqtisadi artımın 9,2 faiz olduğunu açıqlamışdı. Yenidən baxılmadan sonra bu, 2,6 faiz bəndi azalaraq, 6,6 faiz olub. Yenə də əvvəlki ilin iqtisadi artım indeksini aşağı salan eyni amillə əlaqədar... Beləliklə, birinci rübdə Ermənistanda iqtisadi artım elan edilən 9,2 faiz əvəzinə faktiki olaraq 6,6 faiz təşkil edib.

Bu, birinci rübdə Ermənistanda qeydə alınan iqtisadi aktivlik göstəricisindən ən azı iki dəfə aşağıdır. Birinci rübdə rəsmi statistika iqtisadi fəallığın artımını 14,3 faiz səviyyəsində qiymətləndirib. Belə yüksək, son dərəcə yüksək fəallıq şəraitində iqtisadi artım, yenidən işlənmiş məlumatlara görə, cəmi 6,6 faiz təşkil edib.

Yaranmış böyük sapma Ermənistanda iqtisadi göstəricilərin təhrifinin nəticəsidir. İkinci rübdə də əvvəlki dövrdəki yüksək iqtisadi artımdan az şey qalıb. İqtisadi artım tempi hətta birinci ilə müqayisədə aşağı düşüb. Ermənistanda rəsmi statistikanın açıqladığı məlumatlara görə, bu, birinci ilə müqayisədə 0,2 faiz bəndi az olmaqla, 6,4 faiz civarında olub. Düzəlişlər və yenidən qiymətləndirmələrdən sonra ilin birinci yarısında Ermənistanın iqtisadi artımı 6,5 faiz civarında olub.

Bu, Ermənistan hökumətinin dövlət büdcəsinin əsası kimi müəyyən etdiyindən aşağıdır. Aydındır ki, artıq məlum amillərin yaratdığı yüksək artım yoxdur. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı haqqında mif partladı. Gürcüstan artım templərinə görə müqayisə olunmaz dərəcədə irəlidədir. Bu ilin birinci yarısında Gürcüstanda iqtisadi artım 9 faiz, Ermənistanda isə 6,5 faiz təşkil edib.

Ermənistanda iqtisadi artımın strukturu daha çox naraharvericidir. Sənayenin saxta artımlar və qızılın təkrar ixracları ilə kəskin artımlara düşdüyü bir vaxtda iqtisadi artımın strukturunda bu sahənin rolunun artdığı təəssüratı var idi. Lakin göstəricilərin yenidən nəzərdən keçirlməsindən sonra saxta mənzərə ortaya çıxır.

Ermənistanda iqtisadi artımın əsas hissəsi ticarət və xidmətlər hesabına təmin edilib. Birinci rübdə qeydə alınan 6,62 faizlik iqtisadi artıma ticarət və xidmətlər 5,24 faiz bəndi, ikinci rübdə isə 6,36 faizlik iqtisadi artıma 5,58 faiz bəndi töhfə verib. İkinci rübdə iqtisadi artımda ticarət və xidmətlərin payı daha da artıb. Əvəzində sənayenin rolu azalıb. Birinci rübdə sənaye iqtisadi artıma 1,49 faiz bəndi töhfə verib. İkincidə töhfə cəmi 0,76 faiz bəndi olub. Tikinti və kənd təsərrüfatında ikinci rübdə müəyyən irəliləyişlər olub, lakin onların iqtisadi artıma təsiri kiçik olaraq qalır. Kənd təsərrüfatı halında bu heç yarım faizə də çatmır: birinci rübdə 0,19 faiz bəndi, ikinci rübdə isə 0,38 faiz bəndi təşkil edib.

Bu cür təzahürlərdən sonra Ermənistan iqtisadiyyatının strukturunun bu qədər həssas olması təəccüblü deyil. Ticarət ÜDM-də ən böyük paya çevrilərək, 14 faizi ötüb. Bu arada Ermənistanda kənd təsərrüfatı 7,2 faiz, emal sənayesi isə 9,6 faiz olub. Ötən il ticarətin payı 12,7 faiz, kənd təsərrüfatının payı 8,4 faiz, emal sənayesinin payı isə 11,1 faiz olub.

Ermənistan hakimiyyətinin nümayəndələri iqtisadiyyatın strukturunu belə təkmilləşdirirlər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin