Üç döyüşçüylə kəşfiyyata gedirdilər. Sakitliyiydi. Dərəni keçib dayandılar. Buradan seyrək ağaclıq başlayırdı. Ağaclığın sonunda çılpaq təpəliklər olacaqdı. İki təpənin qovuşağında düşmənin komanda məntəqəsi vardı. Təpəliyə çatanda dayanacaq, müşahidə aparmaqla mümkün qədər yaxınlaşacaq, uyğun mövqe tutub müşahidəni davam etdirəcəkdilər, düşmənin hərəkətlərini davamlı izləyəcəkdilər.
Müşahidəni tamamlamışdılar. Geri qayıdırdılar. Qəflətən dörd silahlı erməniylə qarşılaşdılar. Düşmənin komanda məntəqəsinə yaxın olduğuna görə atışmaq istəmədilər. Ermənilər onları görübmüş. Atışa başladılar. "Sən məlumatları komandirə çatdır, biz səni himayə edə-edə döyüşəcəyik, döyüşə-döyüşə geri çəkiləcəyik...", - Səməd qrup rəhbəri kimi Kərimə tapşırıq verdi...
Səməd də, İslam da döyüşdə şəhid oldu...
Ermənilər onların nəşini on gündən sonra qaytardılar...
...İkinci Qarabağ müharibəsi başlayanda Səlimi də döyüşlərə çağırdılar. Hərbi xidmətdə tankçı olmuşdu. Atasının döyüş yolundan söz düşəndə qəhərlənirdi, "Ermənilər torpaqlarımızdan çıxmasalar, döyüşlər olacaq, onda mən də döyüşəcəm, atamın ruhu məndən gileyli qalmayacaq..." - deyirdi...
Füzuli istiqamətində döyüşürdülər. Oktyabrın 13-ü idi...
Düşmənin möhkəmləndirilmiş sədlərini dağıtmaq əmri verilmişdi. Artilleriya dəstəyi davam etdiyi müddətdə həmləyə keçmişdilər. Dörd tank bir-birindən beş-on addım aralı düşmənin mövqelərinə sarı irəliləyirdi. Düşmən onların həmləsini müşahidəmi edə bilməmişdi, artilleriya atəşindən təntimişdimi, hər nəyiydisə, xeyli yaxınlaşmışdılar. Tanklardan biri minaya düşdü. Digər tanklar hərəkətini yavaşıtmadı. "Görünməyən ölümlər”in arasından sıyrılıb irəliləyirdilər. İrəliləyə-irəliləyə atışırdılar. Az sonra düşmənin səddini yardılar. Piyadalarımız düşmənin mövqelərinə həmin yerdən yaxınlaşdılar. Döyüş çox çəkmədi, düşmən geri çəkildi...
Komandir bildirdi ki, qazanılmış mövqe qələbəsinə görə tankçılar təltif ediləcəklər...
Düşmənin komanda məntəqəsi yerləşdiyi güman edilən mövqeyə hücuma keçmişdilər. Hücumda tanklar da iştirak edirdi. Tankların atışları düşmənin müqavimətini hiss olunacaq dərəcədə zəiflətmişdi. Buna görə komandir tankların daha intensiv atış aparmasını tapşırdı; tanklar atış apara-apara düşmənin döyüş mövqeyinə yaxınlaşmışdı. Səlim tankı bir qədər sağa yönəltdi. Hiss etmişdi ki, bu istiqamətdə düşmənin atəşi daha sıxdı. Tankı da o istiqamətə yönəltdi, atışı da...
Düşmən çarəsizliklə döyüşə-döyüşə geri çəkilirdi. Döyüşçülərimiz qələbə ərəfəsində olduqlarını hiss edirdilər. Bu ovqat döyüşçülərimizin döyüş əzmini kükrətmişdi, qələbə ruhunu artırmışdı....
Günortaydı. Düşmən bir qədər fəallaşmışdı. Çatdırılan kömək onu məğlubiyyətin əlindən ala bilməyəcəkdi...
Döyüş texnikalarının ekipajı da, döyüşçülərimiz də qətiyyətlə döyüşürdülər. Onlara elə gəlirdi ki, bu döyüş müharibənin son döyüşüdü, qazanılacaq qələbə Şuşaya aparan yolun başlanğıcıdı...
Tank qəflətən dayandı, "Vurdular...", - Səlim pıçıldamağa macal tapa bildi. Birtəhər tankdan çıxdılar...
Yaralanmışdılar. Onlara təcili tibbi yardım göstərildi...
Mövqe qələbəsi qazanıldı. Bu tankçılar Füzulinin azad edilməsi uğrunda sonuncu döyüşdə iştirak edə bilmədilər...
...Samir hərbi xidmətdəydi. İşğaldan azad edilmiş ərazilərimizdə xidmət edirdi. Nümunəvi əsgər idi. O da Vətən müharibəsi iştirakçılarının döyüş təəssüratlarını maraqla dinləyirdi, hərdən atasının döyüşlərindən də danışırdı...
Antiterror tədbirlərinə Samirin xidmət etdiyi hərbi hissə də cəlb edilmişdi. Artilleriyaçı idi. Ağdərə istiqamətində döyüş atışları aparmaq əmri verilmişdi.
İlk mərmiləri atanda Samir bir qədər duyğulandı: "Bunlar şəhidlərimizin ruhunun atışları olsun!", "Bunlar şəhid babaların ruhlarının atışları olsun!..", "Bunlar döyüşdə yaralanmış ataların istəyinin atışları olsun!", ... pıçıldadı...
Ermənistanın dağılmış silahlı qüvvələrinin qalıqları da, separatçı adlandırılan qüvvələri də tərk-silah edildi...
Samir Səlimin oğludu, Səlim Birinci Qarabağ müharibəsində şəhid olmuş Səmədin...
Baba döyüşçü olub, ata döyüşçü olub, nəvə döyüşçü olub...
Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az